Qüdrət Həsənquliyev: "Mənim üçün aydın deyil ki, yerlərdə Prezidentun səlahiyyətli nümayəndələri hansı səlahiyyətlərə malikdirlər”
"Qorxuram ki, indi səsləndirəcəyim fikrə görə, yenə də həmkarlarımdan kimsə məni "konstitusiyanı yalnlz sən oxumusan?”, – deyə ittiham eləsin. Əvvəla, əminəm, həmkarlarımın hamısı bilir ki, insanlar konstitusiyanı bilmədiklərinə görə pozmurlar. Bəzi hallarda korporativ maraqlar və digər məqsədlər naminə bunu edirlər. Elə bu gün bizim hörmətli, tanınmış vəkillərdən biri – Anar Qasımlının bir açıqlamasını oxudum ki, 2003-cü ildə kasassiya şikayəti ilə bağlı məhdudiyyətin tətbiq olunması ilə əlaqədar normanı Konstitusiya Məhkəməsi konstitusiyaya zidd hesab edir, amma 2021-ci ildə biz məhkəmə-hüquq islahatları çərçivəsində həmin normanı yenidən Mülki Prosessual Məcəlləyə təqdim etmişik”.
Aktual.az xəbər verir ki, bu fikirləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.
Millət vəkili əlavə edib ki, konstitusiyanın 124-cü maddəsində qeyd olunur ki, yerlərdə icra hakimiyyətini yerli icra hakimiyyətinin başçıları həyata keçirirlər:
"Hazırda cənab Prezident tərəfindən səlahiyyətli nümayəndələr təyin olunur. Həmin səlahiyyətli nümayəndələr faktiki surətdə, bir çox hallarda icra başçılarının səlahiyyətlərinə aid olan funksiyaları yerinə yetirirlər. Konstitusiyaya görə isə yerlərdə icra hakimiyyəti funksiyası yerli icra başçılarının səlahiyyətlərinə aid olmalıdır. Ona görə də buna aydınlıq gəlməlidir. İcra orqanı olduğuna görə, subardinasiya və ierarxiya olmalıdır. Məsələn, mənim üçün aydın deyil ki, yerlərdə Prezidentin səlahiyyətli nümayəndələri hansı səlahiyyətlərə malikdirlər. Onlar icra başçılarına göstəriş verə bilərlərmi? Yaxud əksinə, icra başçıları onlara göstəriş verə bilərmi, yaxud səlahiyyətli nümayəndələr icra başçılarına tabedirlərmi? 2012-ci ildə cənab Prezident tərəfindən "Yerli icra hakimiyyəti orqanları haqqında” Əsasnamə təsdiq olunub. Bu gün səlahiyyətli nümayəndələrin vəzifəsinə aid olmuş bir çox məsələlər həmin əsasnamə ilə də yerli icra hakimiyyəti başçılarına şamil olunur. Konstitusiyada da qeyd olunub ki, Azərbaycanda dövlət hakimiyyəti hakimiyyətlərin bölgüsü prinsipi əsasında həyata keçirilir. Qanunverici hakimiyyəti Milli Məclis, Məhkəmə hakimiyyətini konstitusiyanın 125-ci maddəsində qeyd olnunur ki, məhkəmələr, icra hakimiyyətini də yerlərdə konstitusiyanın 124-cü maddəsinə görə, yerli icra hakimiyyətinin başçıları həyata keçirirlər. Ona görə, bu məsələni diqqətinizə çatdırmaq istədim ki, müvafiq icra hakimiyyəti orqanı ilə bu məsələ ilə bağlı müzakirələr aparmalıyıq. Lazım olarsa bu məsələni qanunvericilik aktları ilə tənzimləməliyik. Mən bu məsələni diqqətinizə çatdırmağı özümə borc bildim”.
Xəbər 1044 dəfə oxunub.