Ramazan ayında müsəlmanlar arasında təqvim birliyini yaratmaq üçün mayın 28-dən 30-dək İstanbulda qurultay keçiriləcək.
Aktual.az report-a istinadən bildirir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.
Tədbiri Türkiyə Dəyanət İşləri Vəqfi, Avropa Fətva və Araşdırma Məclisi, Boğaziçi Universiteti Kandilli Rəsədxanası və İslam Hilalı Müşahidə Layihəsi təşkil edəcək.
Qurultaya 50 ölkədən, o cümlədən Misir, Malayziya, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, ABŞ, Qətər, Mərakeş, İordaniyadan olan alimlər, astronomlar və fətva vermək səviyyəsinə malik dini liderlər qatılacaqlar.
Toplantıda öncə Türkiyə Dəyanət İşləri Vəqfinin başçısı professor Mehmet Görməz məruzə edəcək.
Ramazan ayının təqviminin hazırlamaq üçün dünyanın müxtəlif ölkələrində fiqh və astronomlardan ibarət Elm qurumu yaradılıb.
Məlumata görə, hazırda 10-dan artıq təqvim layihəsi müzakirə edilir. Elm qurumuna qurultayadək bu istiqamətdə işlərin baş çatdırılması tapşırılıb.
Qeyd edək ki, müsəlmanlar arasında ramazan ayı təqvimi ilə bağlı mövcud ixtilafların qaldırılması ilə bağlı ilk toplantı 1966-cı ildə keçirilib. 50 il əvvəl bu məsələdə razılıq əldə edilməyib. Mayın 28-dən 30-dək keçiriləcək konfrans ramazan ayı üçün ortaq təqvim tərtib etməyi qarşısına məqsəd qoyub.