Qüdrət Həsənquliyev: "Azərbaycanın daxilində qanunsuz ikinci "erməni dövləti”nin möcudluğuna son qoyulacaq”
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev xalqcebhesi.az saytına müsahibə verib.
Aktual.az həmin müsahibəni oxuculara təqdim edir:
- Qüdrət bəy, Xankəndidə baş verən son hadisələrə və ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Millerin Qarabağdakı humanitar vəziyyət barədə açıqlamasına münasibətini necədir?
- Rəsmi Bakı Qarabağ üzərində dövlət suverenliyini bərpa etmək üçün daha qətiyyətli mövqe ortaya qoyduqca və ermənipərəst dairələrin təzyiqlərinə boyun əymədikcə Xankəndindəki qondarma rejimin daxilində böhran dərinləşir. Dövlət siyasəti bu istiqamətdə yürüdülməli və əlverişli bir anda Daxili Qoşunlar Xankəndinə girib on illər ərzində davam edən qanlı seperatizmə və işğala son qoymalıdır. Bizim qədər erməni xalqının da buna ehtiyacı var və inanıram ki, onlar bunu Azərbaycandan gözləyirlər. Sadəcə, bu barədə açıq danışa bilmirlər. Rusiya ilə anlaşa bilsək, bu münaqişəyə qısa bir müddətdə son qoya bilərik.
Metyu Millerin açıqlaması isə münaqişəyə son qoyulmasına yardım etməyə hesablanan açıqlama deyil. O deyir ki, Qarabağa humanitar yardımın çatdırılması üçün bütün yollar açılmalı və Qarabağ erməniləri ilə bütün həll olunmamış məsələlərin müzakirəsinə başlanılmalıdır. Burda siyasi hiyləgərlik ondan ibarətdir ki, o, Qarabağ ermənilərinin reinteqrasiyası üçün danışıqların aparılamasının zəruriliyi barədə heç nə demir. Halbuki, bütün digər məsələlər də reinteqrasiya çərçivəsində həll oluna bilər. Bununla da seperatçılara ümidlər verir və dinc inteqrasiyanı çətinləşdirir. ABŞ həmişə torpaqlarımızın ermənilər tərəfindən işğalında, seperatizmin dəstəklənməsində - həm də seperatçılara davamlı maliyyə yardımı etməklə - Rusiyadan istifadə etməyə çalışıb və müəyyən mənada buna nail olub. İndi bu siyasəti davam etdirmək xeyli çətinləşib. Ona görə də onlar elə bir vəziyyət yaratmağa çalışırlar ki, xalqımız sülhə yalnız Rusiyanın imkan vermədiyinə inansın. Özləri isə Rusiyanın Ukrayna savaşında zəifləməsini, Moskvada Birinci Qarabağ savaşında olduğu kimi onların sözü ilə oturub-duran siyasi hakimiyyətin formalaşmasını gözləyirlər.
Əminəm ki, rəsmi Bakı baş verənlərin fərqindədir. Münaqişə gələcək nəsillərə saxlanılmayacaq, Azərbaycanın daxilində qanunsuz ikinci "erməni dövləti”nin möcudluğuna son qoyulacaq.
Xəbər 650 dəfə oxunub.