Respublikanın ümumi təhsil müəssisələrində və peşə liseylərində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin bir rayondan (şəhərdən) digərinə dəyişdirilməsi üzrə müsabiqə çərçivəsində 16-17 iyun tarixlərində keçirilmiş imtahanların nəticələri bəlli olub.
Aktual.az bildirir ki, Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, müsabiqədə elektron ərizəsi təsdiqlənmiş 2107 nəfərdən 1621 nəfəri (76,93 faiz) iştirak edib. İştirakçılardan 345 nəfəri müsahibə mərhələsinə keçib.
Müsabiqənin nəticələri barədə məlumatlar hər bir namizədin şəxsi səhifəsində yerləşdirilib. Namizədlərə ixtisaslarına uyğun olaraq, ümumi təhsil məktəblərinin fənn proqramının məzmunu üzrə 40, metodika və təlim strategiyaları üzrə 10, məntiq üzrə 10 sual olmaqla, ümumilikdə 60 sual təqdim edilib.
Əsasən ingilis dili, coğrafiya müəllimləri imtahanda yüksək nəticə göstəriblər. Sözügedən müsabiqənin test mərhələsində keçid balını toplaya bilməyən müəllimlərin əksəriyyəti isə texnologiya, musiqi və fiziki tərbiyə müəllimləri olub.