Məlum olduğu kimi, şagirdlərin məktəbdə vahid məktəbli forması var, ancaq müəllimlər üçün bu cür formalar nəzərdə tutulmayıb. Zaman-zaman müəllimlərin də belə geyimlərlə məktəbə gəlməsi ilə bağlı fikirlər səsləndirilib. Bəs görəsən, müəllimlər üçün vahid geyim forması tətbiq oluna bilər?
Aktual.az xəbər verir ki, VI çağırış Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov Unikal-a açıqlamasında müəllimlər üçün vahid geyim formasının tətbiq olunmasına ehtiyac olmadığını bildirib. Onun sözlərinə görə, bu məsələdə reallığı nəzərə almalıyıq:
"Məktəbli forması aydındır, amma müəllimlərin məktəbə səliqəli formada gəlməsini təmin etməliyik. Müəllim hər şeydən əvvəl nümunədir və buna əsasən şagird formalaşır. Əgər müəllim özü nümunəvi paltar geyinməyəcəksə, nümunəvi davranmayacaqsa, bu özünü şagirdə də göstərəcək. Elə addım atmalıyıq ki, proses bu formada tənzimlənsin. Bizim müəllimlərin mütləq əksəriyyəti normal, səliqəli geyinir. Buna nəzarət olunmalıdır. Bəzi müəllimlərin bu qaydalara, etik çərçivələrə əməl etmədiyini görürük. Amma müəllimlərin əksəriyyəti buna əməl edir".
C.Məmmədov qeyd edib ki, müəllimlərin uniformaya keçidi məsələsi və bunun tətbiqi prosesi qəlizləşdirə bilər: "Bu, prosesə müsbət heç nə verməyəcək. Ona görə də bu məqamı nəzərə almalıyıq. Biz müəllim üçün şərait yaratmalıyıq, onların rahat olması üçün çalışmalıyıq. Dünyanın əksər yerlərində belədir. Sovet dövründə də şagirdlər üçün vahid geyim forması tətbiq olunub, amma müəllimlərə tətbiq edilməyib".
Xəbər 146 dəfə oxunub.