Bu ilin aprel ayında cəbhə xəttində gedən döyüşlər zamanı şəhid olan Samir Qaçayevin heykəli qoyulub.
Aktual.az qafqazinfo-ya istinadən xəbər verir ki, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Heykəltəraşlıq fakültəsinin məzunu olan S.Qaçayevin heykəli həmin fakültənin müəllimi Rahib Qarayev tərəfindən qoyulub.
R.Qarayev "Qafqazinfo"ya açıqlamasında bildirib ki, S.Qaçayevin heykəlini yaratmaq öz təşəbbüsləridir: "Samir mənim dostum olub. O, şəhid olandan sonra biz yaxın adamlarla məsləhətləşib bu qərara gəldik ki, heykəlini yaradaq. Uşaqlar da mənim hazırlamağımı istədilər. Heykəl hazırdır, Şamaxı rayonunda Samirin məzarının üzərində qoyulacaq".
R.Qarayev deyib ki, heykəli 5 ay ərzində hazırlayıb: "İki gün öncə bitirmişəm".
Qeyd edək ki, S.Qaçayev 2016-cı ilin aprelin 2-də cəbhə xəttində gedən döyüşlər zamanı şəhid olub.