“2016-cı ilin dövlət büdcəsində müdafiə xərclərinin artırılması vacibdir. Çünki, Təhlükəsizlik və müdafiə məsələsi vacib şərtlərdəndir”.
Bu fikirləri "Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı çıxış edən Yeni Azərbaycan Partiyası icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib.
YAP icra katibinin müavini vurğulayıb ki, bu sahəyə diqqət biraz da artırılsa, daha məqsədəuyğun olar: “Ətrafımızda baş verən hadisələr, təhdidlər, ayrı-ayrı terror qruplarının qarşısının alınması üçün Azərbaycan hüquq-müahifizə orqanları ciddi cəhdlə çalışır və ölkəmizdə Prezidentimizin rəhbərliyi altında böyük bir ictimai-siyasi sabitlik hökm sürür. Azərbaycan bir sabitlik adasıdır. Onun qorunması və daha da möhkəmlənməsi üçün büdcədən bu sahələrə vəsaitlərin biraz daha çox ayrılmasına ehtiyac var”.
S. Novruzov qeyd edib ki, bir neçə gün öncə Azərbaycan Prezidenti İlham Əliyevin doqquz ayın yekunları ilə bağlı geniş və əhatəli şəkildə çıxışı 2016-cı ilin dövlət büdcə layihəsinin birbaşa səsə qoyularaq qəbul olunmasına kifayət edir: “Ölkə başçısının çıxışında həm dünyada, həm ölkədə gedən hadisələri, həm beynəlxalq, həm də ictimai-siyasi vəziyyəti əhatəli şəkildə şərh edilib. Bu çıxışdan sonra müzakirələrə ehtiyac qalmadığını hesab edirəm. Çünki, Prezident İlham Əliyev 2016-cı ilin büdcəsinin gələcəkdə necə formalaşması, hansı istiqamətlərə xərclənməsi, iqtisadiyyatımızın hansı sferalarına diqqət yetirilməsi, neftin qiyməti ilə bağlı, xüsusi olaraq ictimaiyyəti maraqlandıran bütün məslələrə münasibətini bildirib”.
S.Novruzov müzakirələri dayandırmaq barədə təklifi Milli Məclisin spikeri Oqtay Əsədov və millət vəkilləri tərəfindən müsbət qarşılanıb.