Müdafiə nazirinin müavini - Moskvaya getdi

Müdafiə nazirinin müavini   - Moskvaya getdi

Rusiya paytaxtında V Moskva Beynəlxalq Təhlükəsizlik Konfransı keçirilir.

Aktual.az Apa-ya istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin təşkilatçılığı ilə keçirilən konfransın əsas mövzusu terrorçuluqla mübarizədir. Tədbirdə çıxış edən Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Rusiya Hərbi Kosmik Qüvvələrinin Suriyada terrorçulara qarşı keçirdiyi hərbi əməliyyatlardan danışıb. Suriyada Rusiya və ABŞ-ın effektiv əməkdaşlığının beynəlxalq terrorçuluğa qarşı mübarizədə nümunə olduğunu deyən N. Patruşev qeyd edib ki, internet vasitəsi ilə terrorçuluğun yayılmasının qarşısının alınması vacibdir.

Rusiya müdafiə naziri Sergey Şoyqu isə çıxışında ölkəsinin beynəlxalq terrorçuluğa qarşı mübarizəsindən danışıb. O deyib ki, Rusiya Hərbi Kosmik Qüvvələrinin Suriyada ötən il sentyabrın 30-dan bu günə kimi keçirdiyi əməliyyatlar nəticəsində 500 yaşayış məntəqəsi, 10 min kvadrat kilometrdən çox ərazi azad olunub: “Suriyada terrorçuluğa güclü zərbə dəyib. Terrorçuların hərbi, texniki və maliyyə infrastrukturu məhv edilib”.

Rusiya xarici işlər naziri Sergey Lavrov isə beynəlxalq terrorla mübarizə üçün uzun vaxt və beynəlxalq ictimaiyyətin birgə səyinin lazım olduğunu vurğulayıb.

Konfransda Asiya-Sakit okean regionunda təhlükəsizlik, Avropada müharibə və sülh problemi, qlobal təhlükəsizlik və hərbi əməkdaşlıq məsələlərinə baxılacaq. Eyni zamanda Yaxın Şərqdə beynəlxalq təhlükəsizliyi təhdid edən ziddiyyətli, ənənəvi və yeni çağırışlar, "rəngli" inqilablara qarşı fəaliyyətdə silahlı qüvvələrin rolu, Mərkəzi Asiya regionunun təhlükəsizliyinin təmin edilməsi müzakirə olunacaq.

Qeyd edək ki, V Moskva Beynəlxalq Təhlükəsizlik Konfransında Azərbaycan da daxil olmaqla 82 ölkədən nümayəndə heyəti iştirak edir. Azərbaycanı konfransda müdafiə nazirinin müavini Kərim Vəliyev təmsil edir.

Xəbər 479 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR