Mübahisəli qanun layihəsi yenidən Milli Məclisdə

Mübahisəli qanun layihəsi yenidən Milli Məclisdə

"Reproduktiv sağlamlığın qorunması haqqında" qanun layihəsi nəhayət, bu il Milli Məclisin plenar iclasının müzakirəsinə çıxarılacaq.

Aktual. Trend-ə istinadən bildirir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov komitənin bu gün keçirilən iclasında deyib.

Ə.Əmiraslanov bildirib ki, artıq bu sənədin parlamentin plenar iclasına çıxarılmasının vaxtıdır:

"Bu sənəd üzərində xeyli təkmilləşdirmələr aparılıb, ictimaiyyətin narazılığına səbəb olan məsələ də oradan çıxarılıb, müxtəlif qurumlarla bu sənədi razılaşdırmışıq. Sənədi artıq bu il parlamentin plenar iclasına çıxarmalıyıq, onu gecikdirmək olmaz. Əslində çox gecikmişik. İnsanlar bu qanunun qəbulunu gözləyirlər".

Komitənin üzvü Məlahət İbrahimqızı isə reproduktiv sağlamlığın cəmiyyətdə düzgün izah edilməməsindən narazılığını ifadə edib: "Bu, əslində ana sağlamlığı deməkdir, ana, uşaq ölümlərinin, ultrasəs müayinədən sonra qız uşaqların yox edilməsinin qarşısının alınması deməkdir. Ona görə də bu sənədin düzgün izahatı lazımdır. Bu, çox lazımlı bir sənəddir və biz onu müvafiq qurumların təkrar ekspertizasından, rəyindən sonra plenar iclasın müzakirəsinə çıxarmalıyıq".

Qeyd edək ki, "Reproduktiv sağlamlığın qorunması haqqında" qanun layihəsinin müzakirəsi milli mentalitetə uyğun gəlməməsi səbəbindən bir neçə dəfə təxirə salınıb. Layihədə narazılıq yaradan əsas məsələlərdən biri ekstrokorporal mayalanma üçün donorluğun tətbiqi ilə bağlı idi. Qafqaz Müsəlmanları İdarəsi donorluq məsələsinə etiraz edir. Bununla yanaşı, Səhiyyə Nazirliyi ekstrokorporal mayalanmanın tətbiq olunacağı klinikaların müəyyənləşdirilməsi səlahiyyətinin Nazirlər Kabinetinə verilməsini istəyir.

Maliyyə Nazirliyi isə aztəminatlı, sonsuz ailələrə ekstrokorporal mayalanmanın bir dəfə dövlət vəsaiti hesabına (pulsuz) həyata keçirilməsi üçün şans verilməsinə iradını bildirib və hesab edib ki, bunu icbari tibbi sığorta hesabına həyata keçirmək olar.

Xəbər 730 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR