6-cı "Muğam Televiziya Müsabiqəsi-2017”nin münsiflər heyətinin üzvləri xalq artistləri Əlibaba Məmmədov, Arif Babayev, Mənsum İbrahimov və Səkinə İsmayılova, Bəstəkarlar İttifaqının katibi, əməkdar incəsənət xadimi Sərdar Fərəcov, Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi "Gününsesi.info” saytında yayımlanmış yazı ilə bağlı Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşova müraciət ünvanlayıblar.
Müraciətdə deyilir:
"Hörmətli cənab sədr!
Sizə muraciət etməyimizə səbəb "Gününsesi.info” saytının yol verdiyi rəzalətlə bağlıdır. Saytın 30 mart 2017-ci il (saat 10:34) tarixli buraxılışında "Eldar Mahmudovun qohumuna rüşvət ittihamı – NADİR AXUNDOV MUĞAM MÜSABİQƏSİNDƏ PUL YIĞIR?” başlıqlı dezinformasiya yerləşdirilib. Həmin dezinformasiyada iddia edilib ki, guya " Muğam müsabiqəsinin adının çəkilməsini istəməyən bir neçə iştirakçısı layihə rəhbəri Nadir Axundovu rüşvətdə ittiham edib”.
Biz, 6-cı "Muğam Televiziya Müsabiqəsi-2017”nin münsiflər heyəti, bu əsassız iddianı özümüzə qarşı böyük hörmətsizlik kimi qiymətləndirir, bütün insani əndazələri aşan bu həqarətdən hiddətləndiyimizi bəyan edirik. Bildiririk ki, münsiflər heyətinin üzvü, əməkdar incəsənət xadimi Nadir Axundovun ünvanına uydurulan bu əsassız iddia bütövlükdə munsiflər heyətinə və ayrılıqda onun hər bir üzvünə qarşı yönəldilmiş böhtan və şərdir.
Xatırladırıq ki, 2005-ci ildən Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən bu müsabiqə təkcə ölkəmizdə deyil, bütün dünyada böyük maraq və diqqətlə izlənilir. Sevinirik ki, bu sanballı və şəffaf müsabiqənin keçirilməsində bizim də əməyimiz var. Haqlı olaraq hesab edirik ki, "Gününsesi.info” saytının yol verdiyi böhtan yeni istedadların üzə çıxarılması və muğam sənətimizin inkişafı naminə çəkilən zəhmətə, münsiflər heyətinin işgüzar nüfuzuna, şərəf və ləyaqətinə zərbə vurulmasına xidmət edir. Bunları nəzərə alaraq, biz Sizdən "Gününsəsi.info” saytının təkzib verməsi, üzr istəməsi, dezinformasiyanın saytdan yığışdırılması ilə bağlı müvafiq tədbirlər görməyinizi xahiş edirik”.
Aktual.az
Xəbər 1327 dəfə oxunub.