Bu gün Səbail rayon Bakı Apellyasiya Məhkəməsində ANS Şirkətlər Qrupunun Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı 8 şikayətinə baxılıb.
Aktual.az anspress-ə istinadən xəbər verir ki, bunu ANS Şirkətlər Qrupunun vəkili deyib. Sevda Məhərrəmovanın sözlərinə görə, hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə şikayətlər üzrə qərar qəbul edib. "Məhkəmənin gəldiyi nəticə bundan ibarət olub ki, MTRŞ verdiyi qərarlara yenidən baxmalıdır. Bu 8 şikayət ANS ÇM radiosu ilə bağlıdır. Belə ki, MTRŞ ötən il dekabrın 23-də ANS ÇM radiosunu 161 min manat cərimələyib".
ANS Müstəqil Yayım və Media Şirkətinin baş direktoru Mirşahin Ağayev MTRŞ-nin çıxardığı və Şuranın sədri Nuşirəvan Məhərrəmovun imzaladığı 2015-ci il 13 oktyabr tarixli qərarlarının (reklam haqqında qanunun pozulmasına görə ANS cərimələnmişdi – red.) ləğv edilməsi tələbi ilə Səbail Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə həmin iddianı təmin etməyib. Qərardan narazı qalan şirkətin baş direktoru M.Ağayev apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.
MTRŞ “ANS ÇM” radiosunun inzibati qaydada məsuliyyətə cəlb olunması, yəni cərimə olunması barədə 26 qərar qəbul edib. Həmin qərarlardan şirkət tərəfindən şikayət verilərək onların ləğv edilməsi istənilib.
Ötən həftə Bakı Apellyasiya Məhkəməsində ANS-in Teleradio Şurasına qarşı 8 şikayətinə baxılıb. ANS-in şikayətləri təmin edilib. İşlərin hamısı yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilib.
MTRŞ-nin yanvarın 22-də keçirilən iclasında ANS televiziyası tərəfindən “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması ilə əlaqədar inzibati icraata dair işə baxılıb. ANS televiziyasının efirində yayımlanan “Hesabat” analitik-informasiya proqramının 27 dekabr 2015-ci il və 17 yanvar 2016-cı il tarixli buraxılışlarında televiziya yayımının əsas prinsiplərinin və proqrama verilən tələblərin pozulması - proqramlarda informasiyanın tərəfsizliyi, qərəzsizliyi, əhatəliliyi, tam və doğru-dürüstlüyü prinsiplərinə əməl olunmadığını, işgüzar nüfuzun ləkələnməsinə yol verildiyini, faktlar və hadisələrin ədalətli şərh olunmadığını, birtərəfliliyə yol verildiyini nəzərə alaraq, Şura “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə uyğun olaraq ANS televiziyasının efirində “Hesabat” analitik-informasiya proqramının yayımı 24 yanvar 2016-cı il tarixdən etibarən 1 ay müddətinə dayandırıb.
Həmin gün ANS Müstəqil Yayım və Media Şirkətinin baş direktoru, “Hesabat” verilişinin aparıcısı Mirşahin Ağayev mətbuat konfransı keçirib.
Yanvarın 24-də isə MTRŞ "Hesabat" verilişinin bərpası ilə bağlı qərar verib.