"Məni heç kim heç bir yerə sorğu-suala çağırmayıb, heç bir istintaqa cəlb olunmamışam. Hazırda da öz işimin başındayam".
Aktual.az Report-a istinadən xəbər verir ki, bunu “Ağdamlı Dəmir” kimi tanınan iş adamı Dəmir Abdullayev hüquq-mühafizə orqanları tərəfindən saxlanılması haqda mətbuatda yayılan xəbərlərə aydınlıq gətirərək bildirib.
"Bu xarakterli təsdiqlənməmiş məlumatlar mənim şəxsi biznesimə xələl gətirə bilər. Müxtəlif müştərilərim yanında olan etibarıma zərər vura bilər", - iş adamı bildirib.
O qeyd edib ki, Bakıdan yalnız bir neçə gün qabaq Gəncə şəhərində yas mərasimində iştirak etmək üçün ayrılıb.
Qeyd edək ki, bu gün bir sıra KİV-lər avtomobil salonları biznesi olan Dəmir Abdullayevin ötən həftə saxlanıldığı ilə bağlı xəbərlər yayımlayıblar. Onun sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovla yaxın münasibətləri olduğu qeyd edilib.