Arzu Nağıyev: "Artıq birinci müavin bütün strukturların fəaliyyətinə nəzarət edə biləcək"
"Bu da əməliyyat işində və qərarların təcili və təxirəsalınmaz şəraitdə qəbul edilməsi üçün çox mühüm əhəmiyyət kəsb edir"
Məlum olduğu kimi, Prezident İlham Əliyev "Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin strukturu"nda dəyişiklik edilməsi barədə Fərman imzalayıb.
Fərmana əsasən, Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 27 mart tarixli, 43 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, nömrə 3, maddə 144, nömrə 9, maddə 677; 2005, nömrə 6, maddə 480, nömrə 10, maddə 910; 2006, nömrə 12, maddə 1055; 2007, nömrə 11, maddələr 1106, 1117; 2008, nömrə 3, maddə 177; 2009, nömrə 12, maddə 983; 2010, nömrə 2, maddə 83, nömrə 4, maddə 294; 2011, nömrə 2, maddələr 81, 85; nömrə 6, maddə 494; 2012, nömrə 11, maddələr 1108, 1109; Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 10 aprel tarixli, 387 nömrəli, 2007-ci il 12 mart tarixli, 542 nömrəli, 2008-ci il 31 yanvar tarixli, 708 nömrəli və 21 noyabr tarixli, 20 nömrəli, 2009-cu il 6 fevral tarixli, 45 nömrəli fərmanları) ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin strukturu"nda dəyişiklik edilib.
Qeyd edək ki, bu dəyişikliklərdən sonra MTN-də birinci müavinlik postu yaradılıb.
Bu struktur dəyişikliyinin üstünlüyü nədədir?
Milli Təhlükəsizlik Nazirliyinin sabiq əməkdaşı Arzu Nağıyev qəzetimizə açıqlamasında bildirdi ki, MTN strukturunda indiyə qədər birinci müavin vəzifəsi yox idi: "Əsasən hər sahənin və ya iki oxşar sahənin bir nazir müavini tərəfindən nəzarəti həyata keçirilirdi və bu sahələrin bütün əməliyyat və digər fəaliyyətinə, eyni zamanda əməliyyat təsərrüfatına həmin nazir müavini nəzarət edirdi.
Bu təyinatdan və struktur dəyişikliyindən sonra isə artıq birinci müavin vəzifəsi olacaq və ona da daha geniş səlahiyyətlər veriləcək. Artıq birinci müavin bütün strukturların fəaliyyətinə nəzarət edə biləcək.
Ən mühüm məqamlardan biri də odur ki, nazir olmayan vaxt avtomatik olaraq onun səlahiyyətləri birinci müavin tərəfindən həyata keçiriləcək, bu da əməliyyat işində və qərarların təcili və təxirəsalınmaz şəraitdə qəbul edilməsi üçün çox mühüm əhəmiyyət kəsb edir".
// Bakı Xeber