Ali Məhkəmədə hakim İmran Hacıqayıbovun sədrliyi ilə Sərdar İsmayılov, Məcid Anqubazov, Orxan Abdullayev, Əfsəl Həsənəliyev və Elman Məsimovun şikayəti üzrə proses keçirlir. Şikayətçilər məhkəməyə şikayət vermə müddətinin bərpasını istəyirlər. Bildirirlər ki, müddətin buraxılması həyatlarına olan təhlükə ilə əlaqədar olub.
Aktual.az aznews.az-a istinadən xəbər verir ki, bu şəxslər 2013-cü ildə Qazaxın 1-ci Şıxlar kəndi ərazisində Gürcüstandan İrana pirotexnika, fişənglər apararkən MTN əməkdaşları tərəfindən saxlanılıblar.
İş üzrə Ali Məhkəmədə keçirilən prosesdə S.İsmayılov deyib ki, MTN əməkdaşları qanunsuz əməliyyat keçirərək həmin malı özlərinə götürüblər və onları həbs ediblər: “Sonradan bizi rüşvətlə azad etdilər. 2015-ci ilin noyabr ayına qədər şikayət vermədik. MTN-də mənə demişdilər ki, əgər şikayət etsən, malların içindən narkotik çıxacaq. MTN-dəki təmizləmələrdən sonra qərar verdik ki, şikayət edək. Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsinə şikayət etmişik. Bizə qarşı dəhşətli işgəncələr vermiş şəxslərin cəzalandırılması üçün müddətin bərpa olunmasını istəyirik”.
Əfsəl Həsənəliyev deyib ki, qanunsuz olaraq həbs olunub və rüşvət müqabilində azad olunub: “Ötən müddətdə şikayət verməməyimiz özümüzün və ailələrimizin hədələnməsi ilə bağlı idi. Bu işi aparan müstəntiq Yasin Məmmədov deyirdi ki, şikayət etsən, evindən narkotik çıxacaq. Ailə üzvlərinizi də həbs edəcəyik. Biz də şikayət etmədik, müddət ötdü. Xahiş edirik müddəti bərpa edin”.
Şikayətçi Elman Məsimov deyib ki, onu MTN-də qanunsuz olaraq 1 il saxlayıblar. Həmin müddət ərzində ona dəhşətli işgəncələr. E.Məsimov da müddətin bərpa olunmasını hakimdən xahiş edib.
Dövlət ittihamçısı isə bildirib ki, şikayətçilər şifahi sözlərdən əlavə məhkəməyə dediklərini təsdiq edən hər hansı bir sənəd təqdim etməyiblər. Bu üzdən şikayətin təmin olunmamasını xahiş edib. Bundan sonra məhkəmə qeyri-müəyyən vaxta qədər təxirə salınıb.
Prosesdən sonra şikayətçilər müxtəlif instansiyalara ünvanladıqları şikayətlərinin surətlərini təqdim ediblər.
Müraciət müəllifləri yazırlar ki, həbs ediləndən və malları ələ keçiriləndən sonra Gömrük Komitəsinin sədr müavini, gömrük xidməti general-leytenantı Əsgər Abdullayev Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyevə məktub yazıb. Məktubda Gömrük Komitəsinin sədr müavini idarə rəisinə MTN əməkdaşaları tərəfindən törədilən qanunsuzluq haqda yazır: “11 sentyabr 2013-cü il tarixdə MTN əməkdaşları tərəfindən Qazax rayonu ərazisində saxlanılmış Azərbaycan Respublikasının vətəndaşı Əsədullayev Əbülfət Ağadədə oğlunun idarə etdiyi Az 44BB952 dövlət nömrə nişanlı ”Kamaz" markalı yük avtomaşınının Az 44ƏA041 dövlət nömrə nişanlı qoşqusundan 23.000 kq çəkidə “fişəng”lər və 1050 kqçəkidə “plastik kütlədən ibarət plitələr, özüyapışan rulonlarda olan və ya olmayan adları altında Tovuz Gömrük idarəsinin ”Sınıq-Körpü" gömrük postunda beynəlxalq tranzit gömrük proseduru altı rəsmiləşdirilmiş və təyinatı üzrə Astara Gömrük İdarəsinə ünvanlanmışdır.
Qeyd olunan mallar Gürcüstan Respublikasının Tbilisi şəhərindən Karlo Kotrikadze adlı şəxs tərəfindən İran İslam Respublikasının “GaljarCo. LTD” şirkətinin ünvanına göndərilməklə aidiyyatı mal-müşaiyyət sənədləri ilə 10.09.2013-cü il tarixdə Tovuz Gömrük İdarəsinin “Sınıq-Körpü” Gömrük postunda gömrük orqanlarına bəyan olunmuş və xarici ölkənin müvafiq gömrük təminatı ilə təchiz olunmuşdur. Sözügedən nəqliyyat vasitəsi ölkə ərazisinə gələrkən, Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin tələblərini, həbelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 253 saylı, 31.10.2012-ci il tarixli qərarı ilə təsdiq olunmuş “Mallara gömrük təminatının vurulması Qaydaları”na uyğun olaraq gömrük nəzarəti altına alınmış, malların olduğu qoşqunun yük yeri gömrük təminatı ilə möhürlənmiş, sənədlər gömrük rəsmiləşdirilməsinin başa çatması üçün Gömrük postunda saxlanılaraq yük avtomaşını TlR parkına göndərilmişdir. Rəsmiləşdirmə zamanı sənədlərlə tanış olarkən müəyyən olunmuşdur ki, Beynəlxalq Tranzit Gömrük proseduru ilə rəsmiləşdirilməli olan “Fişəng” malları xüsusi nəzarət tələb edən mallar sinfinə aiddir və bu səbəbdən də həmin yük avtomaşınının Tovuz Gömrük İdarəsinin mobil bölməsinin əməkdaşları tərəfindən gömrük müsayəti altında təyinat gömrük orqanı olan Astara Gömrük İdarəsinə çatdırılması barədə qərar qəbul edilmişdir".
Şikyətçilər vurğulayırlar ki, bu məktubu sıravi bir insan yox, Gömrük Komitəsinin sədr müavini yazıb. Lakin MTN-in İstintaq İdarəsinin rəisi bu məktuba reaksiya verməyib.
“Bizdən babat məbləğlərdə rüşvət qopara bilmək üçün...”
Şikayətçilər yazırlar ki, MTN əməkdaşları yalnız bir məqsədlə - sonradan onlara qarşı zor və şantaj tətbiq etməklə külli -MTN-çilərin sonsuz iştahlarını təmin edəcək - miqdarda rüşvət qoparmaq məqsədi ilə Sərdar Əhməd oğlu İsmayılov və Orxan Elman oğlu Abdullayev barəsində CM-nin 29.192.2.2 (qanunsuz sahibkarlığa cəhd) və 206.3.2-ci (qaçaqmalçılıq) maddələri, Elman Abid oğlu Məsimov, Məcid Məhəmmədəli oğlu Anqubazov, Əfsəl Xanlar oğlu və Cahangir İbrahim oğlu Məmmədov CM-nin 206.3.2.-ci maddəsi ilə heç bir əsas olmadan cinayət işi başlayaraq məsuliyyətə cəlb ediblər. “Təbii ki, bizdən babat məbləğlərdə rüşvət qopara bilmək üçün bizim hamımızın barəsində həbs qətimkan tədbiri seçdilər. Daha sonra istintaq zamanı bizə sonsuz təzyiqlər göstərərək bizim hər birimizdən Sərdar Əhməd oğlu İsmayılovdan 50 min manat, Orxan Elman oğlu Abdullayevdən 50 min manat, Əfsəl Xanlar oğlu Həsənəliyevdən 32 min manat, Cahangir İbrahim oğlu Məmmədovdan isə 80 min manat pul aldılar. Digər iki nəfər şəxslərin isə pulları olmadığına görə bir il həbsdə yatıb çıxdılar”.
Damarlarını doğradı, ölmədi, ürəyinə bıçaqla vurdu, yaşadı, özünü xəstəxana binasından atıb öldürdü!
Şikayətçilər onlarla birgə həbs olunan Cahangir Məmmədovun ürəkparçalayan aqibəti haqda da məlumat verirlər: “MTN-in qatı rüşvətxor əməkdaşlarının tələb etdikləri məbləği verə bilmək üçün evini banka qoyub pul götürmüş Cahangir Məmmədov əvvəlcə məhkəmədən sonra bank faizlərinə görə damarlarını kəsdi. Onu həkimlər ölməyə qoymadı. Sağalandan sonra ürəyinə özü bıçaq zərbəsi yetirdi, lakin ölə bilmədi, sağ qaldı. Əməliyyatdan sonra ayılıb sağ qaldığını görən Cahangir Məmmədov özünü Bakı şəhəri, Nizami rayonundakı xəstəxananın yuxarı mərtəbəsinidən yerə ataraq intihar etdi. Bütün bunlarla bağlı Baş Prokurorluqda artıq araşdırmalar gedir və bizi çağırıb dindirirlər”.
“MTN əməkdaşları qeyri-qanuni, əslində isə quldurluq yolu ilə...”
Şikayətçilər onlardan qaçaqmal adı ilə alınan malların sonradan MTN əməkdaşları tərəfindən Bakıda satışa çıxarmalarının təfərrüatını da diqqətə çatdırırlar:
“MTN-in cinayətkar əməkdaşları bizdən tutub aldıqları pirotexnik malları aparıb əvvəlcə Yasamal rayonu ərazisndə”Rance-Rover" salonunun arxasında yerləşən və MTN-ə məxsus olan xüsusi təyinatlıların həyətində - anbarda avtomaşında saxlayıblar. Sonra MTN əməkdaşları qeyri-qanuni, əslində isə quldurluq yolu ilə əldə etdikləri bu əmlakı 2014-cü ilin dekabr ayının 25-də Mehdiyev Söhrab Abdulla oğlu və onun müdiri Ağayev Çingiz Yəhya oğluna veriblər ki, onlar həmin malları Azərbaycan bazarında satıb pullarını onlara versinlər.
Bizə məxsus və İrana apanlan malları zorakılıq yolu ilə ələ keçirib mənimsəmiş MTN əməkdaşları bizin hamımızdan aldıqları cəmi 212 min manat puldan başqa, bizə məxsus malları mənimsəyib satdırmaqla daha 700 min manat qazanc əldə edərək, həmin məbləği də öz aralarında bölüşdürməklə mənimsəyiblər. Təbii ki, bu cinayətdə iştirak etmiş Ağayev Çingiz Yəhya oğlu və onun şəriki Cabbarov Yaşar Ülvi oğludur ki, onlar da bu gün cinayət məsuliyyətindən kənarda qalıblar".
// Aktual.az