90 saylı Ağdaş seçki dairəsi üzrə iyunun 18-nə təyin edilən Milli Məclisə təkrar seçkilərlə əlaqədar seçki hüququ üzrə ixtisaslaşdırılmış kurs keçiriləcək.
Aktual.az xəbər verir ki, Mərkəzi Seçki Komissiyası (MSK) Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, MSK-nın təşəbbüsü və təşkilatçılığı ilə keçiriləcək kursda 90 saylı Ağdaş seçki dairəsi üzrə dairə seçki komissiyasının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri iştirak edəcək.
Kurs peşə hazırlığının artırılması, seçkilər sahəsində dairə seçki komissiyasının üzvlərinin və məntəqə seçki komissiyaları sədrlərinin bilik, bacarıq və işgüzar vərdişlərinin daha da təkmilləşdirilməsinə hədəflənib.
İxtisaslaşdırılmış kursların gündəliyinə Milli Məclisə təkrar seçkilərə hazırlıq, seçici siyahıları ilə işin aparılması, bərabər şərtlərə əsaslanan seçkiqabağı təşviqat imkanlarının təmin olunması, seçkilərin keçirilməsində müşahidəçilərin və kütləvi informasiya vasitələrinin nümayəndələrinin rol və vəzifələri, seçki günü prosedurları, səslərin hesablanması və səsvermənin yekunlarına dair nəticələrin rəsmiləşdirilməsi, eləcə də bir sıra digər aktual mövzular daxildir. Kurs ərzində MSK-nın təmsilçisi, dairə seçki komissiyasının sədri və rayon icra hakimiyyətinin nümayəndəsi tərəfindən mühazirələr oxunacaq.