MSK seçki bülletenlərinin paylanmasına başlayıb

MSK seçki bülletenlərinin paylanmasına başlayıb

Azərbaycan Milli Məclisinə 2015-ci il noyabrın 1-nə təyin edilmiş seçkilərlə əlaqədar seçki bülletenlərinin dairə seçki komissiyalarına paylanmasına başlanılıb.

Mərkəzi Seçki Komissiyasından (MSK) Aktual.az-a verilən məlumata görə, Milli Məclisin Mətbəəsində Komissiyanın üzvləri, Katibliyin rəhbərliyi və əməkdaşları, eləcə də dairə seçki komissiyalarının sədrləri və katiblərinin iştirakı ilə keçirilən tədbirdə beynəlxalq və xarici qurumların, kütləvi informasiya vasitələrinin nümayəndələrinin və qanunvericilikdə nəzərdə tutulmuş digər maraqlı subyektlərin iştirakına hərtərəfli şərait yaradılıb.

Oktyabrın 22-də Naxçıvan Muxtar Respublikası və ölkənin ucqar bölgələrini əhatə edən, ümumilikdə 42 seçki dairəsi üzrə seçki bülletenləri müvafiq dairə seçki komissiyaları sədrlərinin və katiblərinin iştirakı ilə bülletenlərin sayı, verilmə tarixi və vaxtı göstərilməklə tərtib edilmiş akt əsasında dairə seçki komissiyalarının sədrlərinə təhvil verilib.

Mərasimdə seçki bülletenlərinin hazırlanması və aidiyyəti üzrə çatdırılması ilə bağlı Seçki Məcəlləsinin tələbləri və seçki bülletenlərinin paylanmasının təşkili barədə kütləvi informasiya vasitələrinə ətraflı məlumat verilib, aşkarlığın və şəffaflığın təmin olunması üçün bütün mərhələlərin media mənsubları tərəfindən hərtərəfli işıqlandırılmasına tam şərait yaradılıb, eyni zamanda prosesin gedişi ilə bağlı jurnalistləri maraqlandıran suallar cavablandırılıb.

Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən təmin olunan təhlükəsizlik şəraitində hazırlanan seçki bülletenləri dairə seçki komissiyalarına verildikdən sonra onların daşınması, saxlanması və məntəqə seçki komissiyalarına paylanması prosesinin mühafizəsi Daxil İşlər Nazirliyinin müvafiq qurumları tərəfindən həyata keçirilir.

Qeyd edək ki, noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərlə əlaqədar seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanma qaydasına dair tələblər qanunvericilikdə nəzərdə tutulmuş müddətdə Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiq edildikdən sonra, oktyabrın 14-dən etibarən seçki bülletenlərinin çapına başlanılıb və Komissiyanın qərarı ilə 5 344 431 (beş milyon üç yüz qırx dörd min dörd yüz otuz bir) ədəd seçki bülleteni çap olunub. Seçki Məcəlləsinə əsasən seçki bülletenləri dairə seçki komissiyalarına paylandıqdan sonra səsvermə gününə azı 3 gün qalmış dairə seçki komissiyalarından məntəqə seçki komissiyalarına veriləcək.

Aktual.az

Xəbər 471 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR