Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında noyabrın 1-də Milli Məclisə keçirilmiş seçkilərlə bağlı müraciətlərə baxılıb.
Aktual.az-ın Trend-ə istinadən məlumatına görə, 17 saylı Yasamal üçüncü seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınmış İlhamiyyə Rza, 15 saylı Yasamal birinci seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınmış Vəfa Rüstəm, 42 saylı Sumqayıt ikinci seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınmış Hafiz Babalı və 22 saylı Nəsimi ikinci seçki dairəsindən deputatlığa namizədliyi Azərbaycan Demokrat Partiyasından qeydə alınmış Rəşid Mansurov MSK-ya müraciət edərək seçki prosesində qanun pozuntularına yol verildiyini iddia ediblər.
Bildirilib ki, MSK-ya daxil olan müraciətlər ekpert qrupu tərəfindən araşdırılıb. Müraciətçilər tərəfindən təqdim olunan sübutlar şübhəli olduğundan mötəbər hesab edilməyib. Bu baxımdan müraciətlər əsassız hesab edildiyindən təmin edilməyib.