Molla rejimi erməniləri Azərbaycana qarşı ətrafına toplayır

Molla rejimi erməniləri Azərbaycana qarşı ətrafına toplayır

Elşən Musayev: "Bütün dünya molla rejiminə nifrətlə yanaşır”
Əhəd Məmmədli: "İran iqtisadi vəziyyətdə şah dövrünə qayıda bilər”
Aqşin Kərimov: "Türkiyə də bunun əleyhinə çıxışlarını gücləndirəcək"

 
Molla rejimi özünün getdikcə genişlənən anti-Azərbaycan təbliğatına ölkədə yaşayan erməniləri də cəlb etməyə başlayıb. Belə ki, İsfahan şəhərinin ermənilər yaşayan Yeni Culfa rayonundakı Vank kilsəsinin önündə Azərbaycanın guya Laçın yolunu bağlaması və Qarabağ ermənilərinin blokadaya düşməsi əleyhinə etiraz aksiyası keçirilib.

Tədbirin təşkilatçısı İsfahan və İranın cənubunda yaşayan ermənilərin yeparxiyası olub. Aksiyaya İsfahan erməniləri ilə yanaşı, yaxınlıqdakı
Şahinşəhr şəhərində yaşayan ermənilər də qatılıb. İranın rəsmi agentliyi "İRNA” iddia edib ki, aksiyaya 1100 nəfər erməni qatılıb. Paylaşılan kadrlardan açıq-aydın görünür ki, İran rejiminin siyasi maraqlarına xidmət edən aksiyaya çox sayda azyaşlı və məktəbli uşaqlar cəlb edilib.
Uşaqların əllərinə Ermənistan və İran bayraqları, anti-Azərbaycan şüarların yazıldığı plakatlar verilib və geyimlərinin üzərinə separatçılara məxsus əski parçasının nişanı vurulub. Sabiq diplomat Rusiya istiqamətindən əlavə, müdafiə sistemini gücləndirmək üçün İranla qarşılıqlı fəaliyyətə diqqət çəkib.
Ermənistanın xarici işlər nazirinin keçmiş müavini Artak Apitonyan "Sputnik Ermənistan”a açıqlamasında ölkənin müdafiə qabiliyyətini gücləndirmək üçün İranla qarşılıqlı fəaliyyətə diqqət çəkib. "44 günlük müharibə başa çatdıqdan dərhal sonra Ermənistanın İranla hərbi-siyasi əməkdaşlığı intensivləşdirmək imkanı var idi. Sonra vəziyyət başqa cür dəyişdi. Həm də nəzərə alsaq ki, Türkiyə indi öz daxili problemləri ilə məşğuldur, Ermənistan regional siyasətində müəyyən korrektələr edə bilər. Siyasət mövcud imkanlardan istifadə etmək və yeni imkanlar yaratmaqdır”- ekspert qeyd edib.
Bu arada məlum olub ki, Tehran rejimi Təbriz Universitetinin Azərbaycanşünaslıq Mərkəzinin fəaliyyətinin dayandırıb və mərkəzin üzvlərinə qarşı təzyiqləri artırıb. Məlumata görə, mərkəzin Təbrizdən olan iki üzvü və tələbə hərəkatı fəalları həbs olunublar.
İddialara görə, İranda başlayan kütləvi etirazlar son vaxtlar səngiyib ki, bu da hökuməti yeni repressiyalar aparmağa həvəsləndirib, xüsusilə azərbaycanlı fəallar hədəfə gəlib. Bir çox ekspertlərə görə, etirazların səngiməsi müvəqqəti xarakter daşıyır. İlk növbədə, ona görə ki, bu etirazları doğuran səbəblər aradan qalxmayıb. Artıq İran vətəndaşları bu qaydalarla idarə olunmaq istəmirlər. Ya İran rejimi bunu nəzərə alacaq, ya da daha kəskin etirazların başlamasına zəmin yaradacaq. Molla rejiminə qədər dirəniş göstərsə də, nəticədə məğlub olacaq.


Demokratik Maarifçilik Partiyasının sədri, deputat Elşən Musayev bütün dünyada bu rejimə nifrət edildiyini bildirdi: "İsfahanın Yeni Culfa rayonundakı Vank kilsəsi önündə təşkil olunmuş aksiya İranın öz təşəbbüsüdür və erməni dostlarına "yeni nəfəs” vermək cəhdidir. Amma görünən budur ki, təşkilatçılar aksiyaya adam yığa bilməyiblər və məktəbli uşaqlardan istifadə etməyə məcbur qalıblar. Ayıbdır. Biabırçılıqdır. Rəzillikdir. Həqiqətən! Hərgah, İran indi bu işlərlə məşğul olmalı deyildi. İran Azərbaycan səfirliyindəki terrorla bağlı cavab verməli, üzr istəməli, şəffaf istintaq aparmalı, əsl cinayətkarları tapmalı idi. Fəqət, mənzərə başqadır. İran dayanmır. İran öz çirkin əməllərinə ara vermir. Cənub qonşumuz anti-Azərbaycan siyasətini davam etdirir.
Təbriz Universitetindəki Azərbaycanşünaslıq Mərkəzinin fəaliyyətinin dayandırılması və azərbaycanlı fəalların ard-arda hədəfə alınması da molla rejiminin əsl simasını bir daha göstərir. Onlar narahatdır. Amma nədər narahatdır, yəqin sadəcə özləri bilirlər. Çünki biz kimsənin maraqlarına toxunacaq nəsə etməmişik, biz kimsəyə ərazi iddiası qaldırmamışıq, biz kimsənin necə deyərlər bostanına daş atmamışıq. Nə edibsə İran edib. Qonşuluq siyasətinə xəyanət edən də İrandır, erməniyə əl uzadan da, Azərbaycana qarşı təxribat və terror törədən də!
İndi aksiya təşkil etməklə nəyə nail olmaq istəyirlər ki? Həmrəylikdirmi bu? Xeyr! Bu, nadan qruplaşmasıdır. Bu, İslam dininə xəyanətdir. Bu, daxildəki problemlərdən yayınmaq cəhdidir.
İsfahanda erməni-İran separatçılarının düzənlədiyi aksiyanın bütün şüarları saxta və absurddur. Biz heç bir yolu bağlamamışıq. Ermənilər də blokadada filan deyillər. Yalandır, təxribatçıların bütün söylədikləri! Sadəcə İran məlum hərəkəti ilə öz aləmində guya güc göstərir, əzələ nümayiş etdirir. Amma anlamır ki, əslində bu gün öz daxili problemləri xirtdəyə qədərdir. Fərqində deyil ki, bütün dünya molla rejiminə nifrətlə yanaşır və belə bir durumda Ermənistana əl uzatmaq əvəzinə gedib öz başına çarə qılsa, yapışmağa saman çöpü axtarsa daha doğru olar”. 


AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədli İranın çökməyə məhkum olduğunu söylədi: "Əvvəla, onu deyim ki, Türkiyədəki zəlzələ ermənilərdə yeni ümid yaradıb. Yəni Türkiyənin başı qarışıqdır, Azərbaycanın üzərinə gəlmək olar. Bu ümidi də ən çox ermənilərin havadarları onlarda yaradıb. Ermənilərin havadarları içərisində də ən çox da II Qarabağ savaşından sonra məlum oldu ki, İran da var. Tarix boyu ruslar, avropalılar erməni kartından daim türklərə qarşı istifadə ediblər. İndi də bu erməni kartından türklərə qarşı istifadə edənlər sırasına farslar da qoşulub. Amma səhv arzular və ümidlərlə yaşayırlar. Türkiyə nə qədər də zəlzələdən əziyyət çəksə də, heç bir yerdə öz maraqlarından geri çəkilməyib və çəkilməyəcək də. Tarixə baxsaq, görərik, bunlar anlamırlar ki, Osmanlı İmperiyasının süqutu illərində belə qardaşlarımız bizləri ağır vəziyyətdən xilas etdilər. 1918-ci il hadisələrini nəzərdə tuturam. Qardaş ölkə heç vaxt Azərbaycanı düşmənləri qarşısında tək buraxmaz. İrandakı etirazların səngiməsinə gəlincə, ola bilsin ki, əvvəlki kimi bu etirazlar hazırda yaşanmır. Amma rejim çat verib. Bu rejim o zaman çat verdi ki, iranlı xanımlar etiraz olaraq hicabı başlarından çıxarmağa, yandırmağa, yarı geyinməyə başladılar. Düzdür, dinə qarşı mübarizəni qətiyyən dəstəkləmirəm. Amma rejimin mahiyyətindən və real durumundan burada söz açırıq. Reallıq da budur ki, rejim hətta 5 il öncəki vəziyyətdə belə deyil. Bunun üçün də düşünürəm ki, bu rejim ayaqda qalmaq üçün sonda geri çəkiləcək. Artıq bu proses də başlayıb. İran iqtisadi vəziyyətdə şah dövrünə qayıda bilər. Hazırkı İran rejimi güzəştlərini davam etdirməsə, çökməyə məhkumdur. Çünki güc hesabına xalqının etirazlarını səngitmək yolunu seçən hakimiyyətlər çökməyə məhkumdur. Biz bunun üçün tarixdən nümunələr də göstərə bilərik. Ya islahatlara getməlisən, ya  xalqın istəyinə uyğunlaşmağı bacarmalısan, ya da sonda çökəcəksən”. 

Siyasi şərhçi Aqşin Kərimovun fikrincə, İranın Azərbaycan siyasətinin istiqamətlərini iki institut həyata keçirir: "Birincisi, ali rəhbərin əmrləri, göstərişləri əsasdır. Bunu icra edən radikal hərbi-siyasi-dini dairələr Azərbaycana hədə-qorxu gəlmək siyasəti ilə Tehranın regionda böyük ambisiyalarının olduğunu göstərməyə çalışırlar. İkincisi, İrandakı prezidentlik institutu və bu çətir altında fəaliyyət göstərən hökumət digər ölkələrlə, o cümlədən Azərbaycanla iqtisadi münasibətləri, diplomatik əlaqələri tənzimləmək funksiyasına malikdir. Ali rəhbərlik və SEPAH-ın əlindəki dairələr Azərbaycanla gərgin münasibətlərin onlara xeyir gətirməyəcəyini anlayandan sonra prezidentlik təsisatına təlimatlar verirlər ki, əlaqələri düzəltsinlər. Hərçənd ki, onlar da elə ali rəhbərin vurduğu buxovların əsiridirlər və prinsipcə praqmatik ideyalara da sahib deyillər. Azərbaycan-İran münasibətlərindəki bu temp uzun illərdir ki, davam edir, ancaq Qarabağ münaqişəsinin həllinə qədər gərginliyin hərtərəfli parametrləri siyasi-diplomatik üsullarla örtülürdü. Elə ki, Azərbaycan Qarabağ münaqişəsini Ermənistanı ağır məğlubiyyətə uğradaraq həll etdi, bu, İranda qalaqlanan hirsi açıq müstəviyə keçirdi. Üstəgəl, Azərbaycanın Ermənistanla sərhədə çıxışı, İrəvan qarşısında sərt şərtləri, Türkiyə ilə strateji müttəfiqliyindən irəli gələrək önə çıxmaları Tehranın iç üzünün açılması üçün münbit şərait yaratdı. Beləliklə, Azərbaycanla Türkiyə İranın siyasətini ifşa edən addımları stimullaşdırdılar və Tehranın bölgə siyasətindəki nəbzini ölçdülər. İran Zəngəzur dəhlizinin yarada biləcəyi strateji mövqelərdəki yerdəyişiklə yanaşı, ideoloji habdakı qüvvələr nisbətini dəyişəcəyindən də qorxur. Çünki dəhlizlə Türkiyə regionda daha da möhkəmlənir. Türkiyə dini dövlət olmasa da, İslam coğrafiyasında artan nüfuzu İranın maraqlarına ziddir, deməli, Tehran özünün təhlükə saçan radikal dini ideologiyasına qarşı zərbələri Zəngəzur dəhlizi kontekstində də görür. İranın maskaları cırıldıqdan sonra onda yaranan narahatlıqları kəşfiyyat sahəsində ard-arda uğradığı məğlubiyyətlər, ölkə daxilindəki etirazlar müşayiət edir. Xarici siyasət cəbhəsindəki uğursuzluqlar, daxildəki narazılıqlar, başqa ölkələrin kəşfiyyatlarının ölkədə at oynatması İranı daha radikal addımlar atmağa sövq edir. Bununla da İran problemlərin əsl mənbəyini "xarici düşməndə” axtarmağa çalışır və ali rəhbərliyin, SEPAH-ın vurduğu yaraların üzərini ört-basdır etməyə çalışır. İran indi bəşəri nizam üçün daha təhlükəli maneraya yaxınlaşır, bu, onun nüvə silahı əldə etmək üçün potensialını artırmasıdır. Böyük ehtimalla Türkiyə də bunun əleyhinə çıxışlarını gücləndirəcək. Çünki İran nüvə silahına yaxınlaşmaqla Zəngəzur dəhlizinin strateji cəhətlərinə qarşı addımlarını sərtləşdirməyə çalışacaq. Ancaq bunun effektiv olacağı gözlənilən deyil. Ona görə ki, İrana qarşı beynəlxalq birlik, Azərbaycan-Türkiyə strateji müttəfiqliyi, Azərbaycan-Türkiyə-İsrail üçbucağı dayanır...”.(musavat)



Xəbər 14269 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR