Bu gün ANS Şirkətlər Qrupunun vitse-prezidenti, Azərbaycan Respublikasının əməkdar jurnalisti Mir Şahin Ağayevin doğum günüdür. Mirşahinin Azərbaycan jurnalistikasında rolu danılmazdır.
Elə buna görə də Aznews.az saytının əməkdaşı həmkarımız haqqında ürək sözlərini demələri üçün xalqın seçilib-sayılan şəxslərinə müraciət edib. Adətən Mirşahin Ağayev tanınmışlara qiymət verir. Bu dəfə əksinə oldu: xalq yazıçısı, xalq şairi, xalq artistləri məşhur jurnalistin ünvanına fikirlər söylədilər.
"O, əsl ustaddır"
Xalq yazıçısı Çingiz Abdullayevin sözlərinə görə, ANS televiziyasının uğurlarında Mirşahin Ağayevin böyük rolu var: “Mən Mirşahini ən yaxşı jurnalistlərdən biri hesab edirəm. Azərbaycanda 5 peşəkar jurnalist varsa, onlardan biri də Mirşahindir. O, əsl ustaddır. Mən onu ad günü münasibəti ilə təbrik edirəm, fəxr edirəm ki, belə bir insanla tanışam. O, əsl vətənpərvər, öz mövqeyini heç vaxt dəyişməyən insanlardan biridir. Hesab edirəm ki, digər jurnalistlər də ondan bəhrələnə bilər. ANS-in uğurunda Mirşahinin çox böyük rolu var”.
"Mirşahin Ağayev bəzən heç xoşuma gəlmir"
Xalq şairi, Azərbaycan Yazıçılar Birliyinin katibi Fikrət Qoca hesab edir ki, M.Ağayev ANS yoluna lazım şəxsdir: “Mirşahin Ağayev bəzən çox xoşuma gəlir, bəzənsə heç xoşuma gəlmir. Nəyə görə? Deyərəm çox yaxşıdır, başqalarını əsəbiləşdirərəm. Yaxud da əksinə. Deyərlər ki, o yaxşıdır, sən düz fikirləşmirsən. Mirşahin Ağayev ölkəyə, ANS-ə tutduğu mövqeyə vacıb adamdır”.
"Cəsarətli jurnalist, yaxşı da oğlandır"
Xalq artisti, Milli Konservatoriyanın direktoru Siyavuş Kərimi M.Ağayevin çox jurnalistlərə nümunə ola biləcəyini düşünür: “Çox cəsarətli jurnalist, yaxşı da oğlandır. Mən ona ilk öncə can sağlığı arzulayıram ki, hər zaman efirdə ola bilsin. Və əmişə efirdə sevindirici xəbərlərlə çıxış eləsin. Hesab edirəm, Mirşahin çox jurnalistlərə nümunədir”.
“Mirşahin Mirşahindir də..."
Xalq artisti Fəxrəddin Manafov da jurnalistə uğurlar arzulayıb:“Mirşahin Mirşahindir də... Ona televiziyada tutduğu vəzifədə və mövqeyində uğurlar arzulayıram. Özü iti və balalarının üstündə olsun”.
"Mən ona deməyə söz tapa bilmirəm"
Xalq artisti Flora Kərimova M.Ağayevin peşəkarləğına və şəxsiyyətinə heyran olduğunu deyir: “Ölkənin sevən vətəndaşı olmaq çox çətindir. Allah onu bizə çox görməsin. Mən ona deməyə söz tapa bilmirəm. Bir neçə dəfə dilimin kasıblığına çox heyfslənmişəm. Bu gün o günlərdən biridir. Sizə bu millət qiymət verib. Sizin varlığınız bu millətin qarşısında yaranıb, püxtələşib və bütövləşib. Mirşahin Ağayev bu millətə lazım olan şəxsdir. Eyni zamanda bir nümunədir. Dili gözəl və o qədər aydındır ki, ona hər insan oyanır”.
"Azərbaycanda seçilən, öz sözü, rolu, zəhməti olan jurnalistdir"
Xalq artisti Alim Qasımov M.Ağayevi özünün ailə dostu hesab edir:“Mirşahin Ağayev Azərbaycanda seçilən, öz sözü, rolu, zəhməti olan jurnalistdir. Dostmu, qardaşımı təbrik edirəm, ona bundan sonra daha gözəl yaradıcılıq arzulayıram”.
Qeyd edək ki, Mirşahin Ağayev 1963-cü ildə Yardımlı rayonunun Perimbel kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Jurnalist fəaliyyətinə "Azərbaycan" qəzetindən başlayıb. Vahid və Seyfulla Mustafayevlərlə birgə ANS-in təsisçisidir. Müharibə reportyorudur. Azərbaycanın jurnalist və publisistlərindən biri kimi tanınır. ANS Şirkətlər Qrupunun vitse-prezidentidir. 1992-2005-ci illərdə ANS Müstəqil Yayım və Media Şirkətinin (ANS-TV) Baş Redaktoru olub.
Sonda Mirşahinin ötən il doğum günündə yazdığı şeiri təqdim edirik:
51-Cİ YALAN
Ad gunu keçiririk,
Sayırıq yaşımızı...
Yaşımız bizi saymır,
Aldadır başımızı...
Əllini bayram edib,
Yüzü də adlayırıq...
Və beləcə tarixin
Özünü aldadırıq...
Ay yaşanır, yox olur
Yoxa çıxır ilimiz...
Sonra da bircə-bircə,
Yoxları sayırıq biz...
Sayıb, sayıb yiğırıq
Ğmrümüzün üstünə..
Kimsə çatır onuna,
Kimsə çatır yüzünə...
Yaşımız yox olunca,
Biz ona var deyirik..
Gah çiçək bağışlayır,
Gah sağlıqlar deyirik!
Amma doğru saymırıq,
Amma hesab düz deyil!
Sənin yaşın on deyil,
Onun yaşı yüz deyil!
Hamı çaşıb dünyada,
Yoxu var tək bilirik.
Yalan sayla yaşayıb,
Yalan sayla ölürük...
Yalandı kainatın,
Torpağın, yerin ili!
Nəyin neçə yaşı var,
Bunu bir Allah bilir!
Yaşımız var deməyək,
Yaşımız yoxdu deyək!!!
Allahın hesabyyla
İşimiz yoxdu deyək...
Bir ilim də yox oldu...
Bir sual var başımda:
Əlli bir ilim yoxdu...
Bəs nə qədər yaşım var?!?!