Yazıçı Mir Cəlal Paşayevin anadan olmasının 107-ci ildönümü münasibətilə ədibin ev muzeyində təntənəli mərasim keçirilib.
“Qafqazinfo”nun məlumatına görə, mərasimdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Milli Aviasiya Akademiyasının hüquq kafedrasının müdiri, professor İbrahim Quliyev, şəhər ziyalıları iştirak ediblər.
Gəncə Dövlət Dram Teatrı aktyorlarının ifasında Mir Cəlal Paşayevin əsərləri əsasında hazırlanan ədəbi-bədii kompozisiya görkəmli yazıçının ədəbi qəhrəmanlarını bir daha öz müsbət keyfiyyətləri ilə təqdim edib.
Çıxış edən Elmar Vəliyev yazıçının həyatının böyük bir hissəsinin Gəncə ədəbi mühiti ilə bağlı olduğunu vurğulayaraq Mir Cəlal Paşayevin hekayə ustası olduğunu bildirib və bu janrın inkişafında onun xidmətlərinin müstəsnalığını vurğulayıb.
Mərasim Gəncə Dövlət Kamera Orkestrinin ifasında musiqi proqramı ilə başa çatıb.