Azərbaycanda qeyri-neft sektorunun inkişafında Mingəçevir şəhərinin strateji əhəmiyyəti danılmaz faktır.
Belə ki, ətraf iqtisadi rayonların kompleks iqtisadi inkişafında Mingəçevir açar şəhər, yaxud uzlaşma mərkəzi kimi diqqətə alınmalıdır. Burada söhbət, birincisi Mingəçevir şəhərinin ölkənin qeyr neft-sektorunun inkişaf katalizatoru kimi özünün inkişafı, ikincisi inkişaf etmiş sənaye və turizm mərkəzi kimi qonşuluqdakı iqtisadi rayonların inkişafı üçün lokomatif rolunu oynaması və nəhayət xarici bazarlara çıxış əldə etməklə ölkəyə qeyri-neft sektorundan valyuta axınının təminedicisi qismində çıxış etməsindən gedir.
Mingəçevirin şəhər kimi özünün inkişafında iki istiqamət əsas götürülür. Birinci istiqamət sənayenin, ikincisi isə turizmin inkişafıdır. Bu baxımdan prezident İlham Əliyevin bu ilin 21 sentyabr tarixində Mingəçevir şəhərinə səfəri zamanı çıxışında səsləndirdiyi fikirləri proqram xarakterli də qəbul etmək olar. Prezident öz çıxışında Mingəçevirn həm sənaye həm də turizm potensialından söhbət açmış və hər iki istiqamət üzrə inkişafın əldə olunması üçün görülən tədbirlərdən bəhs etmişdir.
"Mingəçevir sənaye şəhəridir. Mingəçevir energetiklər şəhəridir. Bundan sonra isə, eyni zamanda, Mingəçevir nəinki Azərbaycanın, ümumiyyətlə, Cənubi Qafqazın yüngül sənaye mərkəzlərindən birinə, bəlkə də birincisinə çevriləcək.” deyə prezident İlham Əliyevin çıxışı zamanı vurğulamışdır.
Qeyd etmək lazımdır ki, Mingəçevirdə fəaliyyət göstərən "Azərbaycan İES”, "Mingəçevir SES” kimi müəssisələr ölkənin enerjiyə olan tələbatının təxmininən 50 faizini təmin edir. Bununla yanaşı Mingəçevirdə yüngül sənayenin inkişafı üçün böyük potensial vardır. Burada söhbət kadr potensialı, coğrafi mövqe, istehsalat ənənələri, mövcud infrastruktur, nəqliyyatın əlverişliliyi və s.-dən gedir ki, bu amillər də müəyyən sahənin inkişafında həlledici rola malikdir. Məhz bu səbəbdən, Prezident İlham Əliyevin göstərişi və birbaşa iştirakı ilə bu il Mingəçevir Sənaye Parkının təməli qoyuldu. Sənaye Parkı 1980-ci ilə qədər Mingəçevirdə fəaliyyət göstərmiş Toxuculuq Kombinatının bazasında yaradılır və parkta yaradılacaq fabriklərdə pambıq iplik, akril iplik, yun iplik, corab məhsulları, kosmetik ləvazımatlar, boyalı toxuma məhsulları və geyim tekstil məhsulları istehsal olunacaq. Sənaye Parkı tam gücü ilə işə düşdükdən sonra işçilərin sayı 5.5 minə çatacaq. Bundan əlavə parkın nəzdində kadr hazırlama kursları yaradılacaq ki, burada fabriklərdə çalışmaq üçün ixtisaslı kadrlar hazırlanacaq. İstehsal olunacaq məhsullar ilkin mərhələdə ölkənin daxili tələbatına, sonrakı mərhələdə isə ixrac üçün nəzərdə tutulub. Beləliklə, Mingəçevirdə işsizlik problemi aradan qalxmaqla yanaşı şəhərin gəlirləri artacaq, əhalinin rifah səviyyəsi yüksələcək.
Digərrə inkişaf istiqaməti kimi turizm sahəsini göstərmək olar ki, son illər ərzində bu istiqamətdə də geniş işlər görülmüşdür. Belə ki, lazımi nəqliyyat infrastruktu yaradılmış, şəhərdaxili abadlıq və yenidənqurma işləri aparılmış, turistlərin istirahəti üçün dünya standartlarına cavab verən turizm obyektləri yaradılmışdır. Prezident İlham Əliyevturizmin inkişafı sahəsində əlavə diqqətin ayrılacağı və gələcək illərdə turizm obyektlərinin sayının artacağı, bu sahəyə investisiya axınının böyüyəcəyini bildirdi. Turizm sahəsində ixtisaslı kadrların təmin edilməsi üçün isə müvafiq peşə-ixtisas kolleci artıq fəaliyyət göstərməkdədir.
Təbii ki, yüngül sənayenin inkişafı qonşu iqtisadi rayonların inkişafına təsir göstərəcəkdir. Çünki Sənaye Parkında xammal əsasən yerli məhsul olacaqdır. Bərdə və Ağdaşdan pambıq məhsulunun alınması, Şəkidən yun və dəri məhsullarının xammal kimi gətirilməsi həmin rayonların inkişafına təsirsiz ötüşməyəcək. Eyni zamanda pambıqçılıq rayonlarında pambıqtəmizləmə zavodlarının inkişaf etməsinə də təsir göstərəcək. Turizmin inkişafı Qəbələ və Gəncə şəhərlərində tikilmiş beynəlxalq aeroportların əlavə gəlir əldə etməsinə səbəb olacaqdır. İqtisadi rayonlar arasında qarşılıqlı əlaqələrin inkişafı son nəticədə regionun iqtisadiyyatının inkişafına təsir göstərəcəkdir.
Prezidentin öz çıxışında iqisadi inkişaf üçün müxtəlif sahələrin bir-biri ilə uzlaşdırılmasının vacibliyini vurğulaması da məhz bu amillərlə bağlıdır.