Mingəçevir polisi qarşıya qoyulan məqsədlərə nail olmaq üçün yeni iş metodları tətbiq edir

Mingəçevir polisi qarşıya qoyulan məqsədlərə nail olmaq üçün yeni iş metodları tətbiq edir

Azərbaycanda daxili işlər orqanlarının inkişafı ulu öndər Heydər Əliyevin xidmətləri nəticəsində mümkün olmuşdur. Ümummilli liderimiz 1969-cu ildə Azərbaycana rəhbər seçiləndən sonra daxili işlər orqanlarına da dövlət qayğısı güclənmiş, vətəninə və xalqına sədaqətli kadrların irəli çəkilməsinə, əməkdaşların vətənpərvərlik, milli dəyərlər əsasında təlim-tərbiyəsinə, peşəkarlığının yüksəldilməsinə xüsusi diqqət yetirilmişdir. Bu dövrdən etibarən şəxsi heyətin milli dövlətçilik ideologiyası əsasında formalaşdırılmasına başlanılmışdır. Heydər Əliyevin ali hakimiyyətə qayıdışından sonra isə hüquq-mühafizə orqanlarının yeni inkişaf mərhələsinin əsası qoyuldu. Cəmiyyət həyatında sabitliyin qorunması, asayişin bərpası dövlətçiliyin təməl prinsiplərindən biri kimi diqqət mərkəzində saxlanıldı, hüquq-mühafizə orqanlarında, xüsusən daxili işlər orqanlarında müşahidə olunan neqativ hallar aradan qaldırıldı.

Ümummilli liderimizin həyata keçirdiyi kadr islahatları peşəkarlığın artırılmasına, xidmətin səmərəli təşkilinə zəmin yaratdı. Qanunların aliliyinin təmin olunması, dövlətçilik prinsiplərinin ön plana çəkilməsi ölkədə cinayətkarlıqla mübarizənin möhkəm təməlini qoydu. Vətəndaşların dinc, rahat yaşamaları üçün lazımi şərait yaradıldı, onların dövlətə, hüquq-mühafizə orqanlarına inamı daha da artdı, kriminogen durum nəzarətə götürüldü.

 

Ulu öndər Heydər Əliyev polis əməkdaşları qarşısında mühüm vəzifələr müəyyənləşdirərək demişdir: "Polis peşəsi ağır peşədir. O, bir tərəfdən yüksək vətəndaşlıq məsuliyyəti, cəsarət, şəxsi mətanət, ikinci tərəfdən bilik, dərrakə, elm, təhsil və təcrübə tələb edir. Cinayətkarlığın qarşısının alınması, dövlətin yaratdığı bütün imkanlardan respublika vətəndaşlarının bəhrələnməsi üçün dinc şəraitin təmin edilməsi, asayişin və qanunçuluğun möhkəmləndirilməsi naminə polis daim öz peşəkar səviyyəsini yüksəltməli, gündəlik işini müasir tələblərə, beynəlxalq təcrübəyə və normalara uyğun qurmalıdır”.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bu gün ölkəmizdə sabitliyin və asayişin qorunması istiqamətində ardıcıl tədbirlər görülür. Vətəndaşların məruz qala biləcəyi hüquqazidd əməllərə qarşı təxirəsalınmaz operativ tədbirlərin həyata keçirilməsi, eləcə də ictimaiyyətlə əlaqələrin daha effektli təşkili məqsədilə "102” və "Təhlükəsiz şəhər” xidmətləri yaradılmışdır. Bütün bunlar cinayətkarlığa qarşı mübarizədə daxili işlər orqanlarının əməkdaşlarına əlavə stimul vermişdir.
Ölkə ərazisində olduğu kimi, Mingəçevir şəhərində də, polis orqanlarının fəaliyyəti günü-gündən təkmilləşir və müasir tələblər səviyyəsində farmalaşmaqdadır.

Son bir il ərzində Mingəçevir Şəhər Polis Şöbəsinin maddi-texniki bazası ən müasir səviyyəyə çatdırılmış, fəaliyyətin günün tələbləri səviyyəsində təşkili təmin edilmişdir. Ötən müddət ərzində Mingəçevir Şəhər Polis Şöbəsinin inzibati binası yenidən qurulmuş, xidməti avtomobillər yeniləri ilə əvəz edilmiş, müasir informasiya-kommunikasiya texnologiyaları ilə təminat polisin işini daha da asanlaşdırmışdır.
Müşahidələr və əhali arasında aparılan sorğular onu göstərir ki, Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları üzərlərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirməklə cinayətkarlığın bütün forma və təzahürlərinə qarşı mübarizədə prinsipial mövqe tutur, vətəndaşların azad və təhlükəsiz yaşamaq kimi fundamental hüququnun təmin olunması sahəsində zəruri tədbirləri həyata keçirirlər.

Azərbaycan Respublikası daxili işlər naziri general-polkovnik Ramil Usubovun tapşırıqları, qarşıya qoyduğu vəzifələr rəhbər tutularaq, vətəndaşların qanuni mənafelərinin cinayətkar qəsdlərdən qorunması sahəsində üzərlərinə düşən çətin və məsuliyyətli missiyanı əzmkarlıqla yerinə yetirirlər.
Xüsusilə vurğulanmalıdır ki, Mingəçevir polisi müasir tələblərə uyğun olaraq qarşıya qoyulan məqsədlərə nail olmaq üçün yeni iş metodları tətbiq edir, hüquqazidd əməllərin qarşısının alınmasında və ictimai təhlükəsizliyin təmin edilməsində vətəndaş cəmiyyəti ilə əlaqələrin möhkəmləndirilməsinə mümkün qədər səy göstərirlər. Mingəçevir şəhərində əhalinin müxtəlif təbəqələri və kütləvi informasiya vasitələri ilə əlaqələrin genişləndirilməsinin nəticəsidir ki, artıq polis insan hüquqlarının əsas təminatçısı, milli dəyərlərə hörmət və dövlətçilik ənənələrinə sədaqətli fəaliyyətinin nümunəsinə çevrilmişdir.

Hazırda şəhər ərazisində cinayətkarlıqla mübarizə, ictimai təhlükəsizliyin təmin edilməsi, narkomaniya və narkotik vasitələrin qeyri-qanuni dövriyyəsi ilə mübarizə sahəsində qanunvericiliklə müəyyən edilmiş vəzifələr layiqincə yerinə yetirilir.

Daxili İşlər Nazirliyinin  yerli orqanlar qarşısında qoyduğu inzibati xətaların və digər hüquqpozmaların baş vermədən qarşısının alınması kimi vəzifənin yerinə yetirilməsinə Mingəçevir şəhərində xüsusi diqqət yetirildiyini əminliklə söyləmək olar. Ən müasir texniki avadanlıqlardan, informasiya texnologiyalarının son nailiyyətlərindən istifadə cinayətkarlığa qarşı mübarizədə, ictimai asayişin və təhlükəsizliyin təmin olunmasında operativliyi artırmışdır. Əvvəliki illərlə müqayisədə vətəndaşların  müraciətlərinin vaxtlı-vaxtında cavablandırılması, qaldırılan problemlərin operativ həlli prosesinin sürətlənməsi əhali arasında polisə olan rəğbəti daha da artırmışdır.
Bununla yanaşı, şəxsi heyətin peşə hazırlığı, mənəvi dəyərlərə ciddi riayət ruhunda tərbiyə olunması işinin də diqqət mərkəzində saxlanılması polisin iş keyfiyyətinin artmasında özünü biruzə verir.Şəhərin  ümumtəhsil məktəblərində mütəmadi olaraq görüşlər keçirilir, əhali arasında maarifləndirici söhbətlər aparılır.
Əminik ki, Mingəçevir şəhərində Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən qarşıya qoyulan vəzifələrin icrasında yerli polis orqanları bundan sonra da səylə çalışacaq, xalqa, vətənə sədaqətlə xidmət edəcəklər.
Xəbər 363 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR