Mina xəritələrini verməməklə Ermənistan terrorçu xislətini nümayiş etdirir - Şərh

Mina xəritələrini verməməklə Ermənistan terrorçu xislətini nümayiş etdirir - Şərh

Avqustun 2-si minatəmizləmə işləri ilə məşğul olan şirkətin 3 əməkdaşı Füzuli rayonunun işğaldan azad edilmiş Qaraxanbəyli kəndi ərazisində piyada əleyhinə minaya düşüb və müxtəlif dərəcəli bədən xəsarətləri alıblar, bir nəfərin sağ ayağı amputasiya olunub. Faktla bağlı Füzuli Rayon Prokurorluğunda araşdırma aparılır. Bu, Ermənistanın Azərbaycana qarşı gizli müharibəsi, terror siyasətinin davamıdır ki, 44 günlük müharibədən ötən 2 ildən artıq dövrdə davam edir.

Məsələ ilə bağlı Trend-in sualını cavablandıran Milli Məclisin deputatı Cavid Osmanov bildirib ki, işğal dövründə ermənilər tərəfindən Azərbaycan ərazilərinə milyonlarla mina basdırılıb.

"Hətta 2020-ci ildə Ağdam, Kəlbəcər və Laçın rayonlarını tərk edərkən ermənilər həmin ərazilərə əlavə minalar basdırıblar. Üçtərəfli razılaşmalara baxmayaraq, Ermənistan tərəfi hələ də dəqiq mina xəritələrini vermir və nəticə etibarı ilə də yüzlərlə Azərbaycan vətəndaşı, o cümlədən mülki vətəndaşlar, hərbçilər, işğaldan azad edilən ərazilərdə bərpa və quruculuq işlərində çalışan insanlarımız ermənilər tərəfindən basdırılan minaların qurbanı olub.

Bu, Ermənistanın Azərbaycana qarşı törətdiyi terrorun davamıdır və Ermənistan bu gün də öz terrorçu siyasətindən əl çəkmir. Hazırda isə Ermənistan iki ölkənin sərhədlərini minalaması işlərini aparır ki, bu da onların əsl xislətindən xəbər verir. Bu gün regionda sülhə və əminamanlığa qarşı çıxan ölkə yenə də Ermənistandır”, - deyə C.Osmanov bildirib.

O qeyd edib ki, Azərbaycan qalib ölkə olaraq bölgədə dayanıqlı sülhün və sabitliyin təmin olunması üçün sülh təşəbbüsü ilə çıxış edir. "Ancaq Ermənistan bütün təşəbbüsləri sabotaj edir və regionda təhlükəsizliyi təhdid edən yeganə ölkə olaraq qalır. Ermənistanda hakimiyyət dəyişikliyi baş verdi, özünü demokrat elan edən Paşinyan hakimiyyətə gəldi, bu ölkə müharibədə ağır məğlibiyyətə uğradı, amma yenə də öz terrorçu mahiyyətindən əl çəkmir. Bu terrorçuluq da məhz Azərbaycana qarşı yönəlib və bu terrorçuluq bütün regiona böyük təhlükədir. Ermənistan siyasətinin ana xətti məhz terroçuluqdur. Dünya ictimaiyyəti Ermənistanın bu siyasətinə layiqli cavab verməlidir”, - deyə o əlavə edib.

Deputat Elşən Musayev isə Trend-ə açıqlamasında bildirib ki, Füzuli rayonunun Qaraxanbəyli ərazisində piyada əleyhinə minanın partlaması nəticəsində yenə faciə yaşandı və bu faciə də regiondakı sabitliyin təminatına böyük təhdid olan Ermənistanın terror xislətinə, mahiyyətinə görə yaşandı.

"3 nəfər günahsız insan növbəti dəfə minaya tuş gəldi və birinin ayağı amputasiya olundu. Üstəlik, bu ilk faciə deyil. Artıq minadan zərərçəkənlərin sayı yüzlərlədir. Ermənistan isə heç nə olmamış kimi davranır. Nəinki Ermənistan, elə sülhə çağırış edən bir çox Beynəlxalq təsisatlar da. Halbuki, indiyə qədər dünyünın bütün ümumbəşəri ideyalara söykənən və ya söykəndiyini deyən qüvvələri Ermənistandan tələb etməli idilər ki, öz terrorist mahiyyətindən əl çəksin, mina xəritəsini doğru-dürüst versin, insan qırğını başa çatsın. Çünki Ermənistan bu anti-insani siyasətinə davam etdikcə mövzu qəlizləşəcək, regionda sabitliyi təmin etmək həqiqətən çətin olacaq, günahsız insanların faciələri bitməyəcək.

Eyni zamanda nəzərə almaq lazımdır ki, işğaldan azad edilən böyük ərazilərdə həmin mina təhlükəsi davam edir. Erməni terroristlər hətta danışıq sonunda torpaqları təhvil verəndə də müharibə etikasına uyğun olmayan formada hərəkət ediblər, ürək bulandırıblar, öz mənfur xislətlərindən əl çəkə bilməyiblər, geniş ərazilərə mina basdırıb sonra çıxıblar.

Paşinyan hakimiyyətə gələndə deyirdilər ki, demokratik yolla gəlib. Demokrat insanın belə ruhu, belə düşüncəsi, belə proqramı ola bilərmi? Ola bilməz! Paşinyan da elə köhnə əjdadlarının yolunu davam etdirir. Ermənistan da həmin Ermənistandır, yürütdükləri siyasət də həmin siyasətdir. Sadəcə gücləri həmin güc deyil. Azərbaycanın qəhrəman oğulları dəmir yumruğu onların başına elə çaxıb, elə çırpıb ki, çətin bir də bu mənfur, yıtıcı ermənilər güc toplaya bilsinlər. Bundan sonra Ermənistan ancaq artistlik və imitasiya edə bilər. Necə ki, edirlər. Bunlar üçün sülh və sülh təşəbbüsləri demək ki, maraqlı deyil. Minalarla bağlı proses və yaşanan növbəti faciələr də təsdiq edir ki, Ermənistanın ağıllanması çətin məsələdir. Hər halda ağıllanmasalar nəticə öz başlarında çatlayacaq və özlərinə pislik etmiş olacaqlar. Bu terroristlər hər mərhələdə məğlubiyyətə məhkumdur”, - deyə deputat əlavə edib.
Xəbər 425 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR