Millimizin baş məşqçisi: "Bu yarış onların karyerasında sonuncu olacaq”

Millimizin baş məşqçisi:
  • İDMAN

Avropa çempionatının final mərhələsinə hazırlığını davam etdirən Azərbaycan millisinin bu gün mətbuat üçün açıq məşqçi, baş məşqçinin isə brifinqi keçirilib.
 
Aktual.az Futzal Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, jurnalistlərin suallarını cavablandıran Joze Alesio Da Silva bunları deyib:

"Rəsmi oyunlardan sonra yoldaşlıq matçını dekabrda keçirdik. Yəni komanda 8 aydan sonra yığışdı. Üstəlik, Ukrayna ilə oyuna az - 5 məşq keçib çıxmışdıq. Ona görə də boşluqların olması normaldı. Az məşq edəndə səhvlərdən qaçmaq mümkün deyil. Bunları nəzərə alsaq, Ukrayna ilə oyunda səhvlərin olması anlaşılan idi. İndi isə Avropa çempionatına tam heyətlə hazırlaşırıq. Vaxtımızda əvvəlki toplanışla müqayisədə çoxdur. Komanda üçün hər cür şərait yaradılıb. Artıq 5 məşq keçmişik, qarşıda isə 3 məşqimiz var. Bazar günü Belçikaya yola düşəcəyik. Yekun heyəti də səfər ərəfəsində açıqlayacağıq. Bu ölkənin yığması ilə də yoldaşlıq matçında gücümüzü sınayacağıq. 

Final mərhələsinə gəldikdə, birinci oyun finala bərabərdir. Gürcüstanla görüşdə qazanılacaq  qələbə digər oyunlara hazırlaşmaq və növbəti addımlar atmaq baxımından vacib olacaq.

Komandada atmosfer yaxşıdır. Fiziki baxımdan futzalçılar hazırdır. Ölkə xaricində çıxış edən oyunçularımız klublarında daim oynayırlar. Yerli çempionatdakı milli üzvləri isə yanvarın 5-dən fiziki hazırlıq keçiblər. Ciddi zədəsi olan futzalçımız yoxdur. Düzdü, bir neçə oyunçuda yüngül ağrılar var, amma bu onlara məşq etməyə və oyun keçirməyə mane olmayacaq.

Əlbəttə, daha çox yoldaşlıq oyunu keçirmək istəyirdik. Oktyabr, noyabr aylarında qarşılaşmaq üçün rəqib tapa bilmədik. Pandemiya ilə əlaqədar danışıq apardığımız komandaların bir neçəsi imtina etdi. Elə ölkə oldu ki, Bakıya dəvət etdik, amma gələ bilmədilər.

Çalışacağıq ki, final mərhələsində daha yaxşı nəticə qazanaq. Çünki heyətimizdə elə futzalçılar var ki, bu yarış onların karyerasında sonuncu olacaq”.
Xəbər 405 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR