Azərbaycan millisi sabah növbəti matçına çıxacaq.
Aktual.az apasport.az-a istinadən xəbər verir ki, Qurban Qurbanovun yetirmələrinin budəfəki rəqibi Makedoniya yığmasıdı.
Üç gün əvvəl Bakı Olimpiya Stadionunda Belarusa minimal hesabla (0:1) məğlub olan komandamız Makedoniya ilə Antalyada üz-üzə gələcək. Yığmanın "sükanı arxası"nda keçirdiyi ilk iki görüşdə qələbə qazana bilməyən Qurbanov bu tilsimi qırmağa çalışacaq. Ancaq nəzərə alaq ki, Makedoniya həm Belarus, həm də yanvarda qolsuz bərabərə qaldığımız Moldovadan güclüdü.
Üstəlik, balkanlar millimiz üçün arzuolunmaz rəqibdi. İndiyə qədər bu komanda ilə keçirilən 6 görüşün heç birində yığmamız qələbə üzü görməyib. İlk dəfə 2000-ci ildə qarşılaşdığımız balkanlılar 5 qələbə qazanıb. Bir görüşdə isə heç-heçə qeydə alınıb. Top fərqi də rəqibin aşkar üstünlüyündən xəbər verir - 13:4. Bu matçlardan 4-ü yoxlama xarakterli olubsa, 2 dəfə dünya çempionatının seçmə mərhələsində qarşılaşmışıq. Məhz həmin iki oyundan biri (5 sentyabr 2001. Bakı - 1:1) bərabərliklə nəticələnib.
İndi yığmamız bir yox, bir neçə uğursuz seriyaya son qoymalıdı. Belə ki, komandamız həm Makedoniya tilsimini qırmalı, həm 2018-ci ildə, həm də Qurban Qurbanovun rəhbərliyi altında ilk qalibiyyətini əldə etməlidi.
"Mardan" stadionunda baş tutacaq qarşılaşmada videotəkrar sistemindən (VAR) istifadə olunması da maraqlı məqamdı. Türkiyəli hakimlər briqadasının idarə edəcəyi matçın baş hakimi Halis Özkahya olacaqsa, video köməkçi hakim funksiyasını Cüneyt Çakır yerinə yetirəcək.
Yoldaşlıq görüşü
27 mart
20:00. Azərbaycan - Makedoniya
Baş hakim: Halis Özkahya
Köməkçi hakimlər: Kemal Yıldırım, Kerem Ersoy
Dördüncü hakim: Ali Palabıyık (hakimlər briqadası Türkiyədəndi)
Antalya. "Mardan" stadionu