Millimiz İslamiadanın ən güclüsü oldu

Millimiz İslamiadanın ən güclüsü oldu

Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında boksçuların mübarizəsi başa çatıb. 7 gün davam edən yarışın ən yaxşısı adını Azərbaycan millisi qazanıb.

Azərbaycan Boks Federasiyasından AzNews.az-a verilən məlumata görə, 10 çəki dərəcəsində qüvvəsini sınayan kişi boksçuların yarışında yığmamız 7 medala sahib olub. Hesabına 3 qızıl, 3 gümüş və 1 bürünc mükafat yazan komandamız bu göstəricidə hamını qabaqlayıb.

İslamiadanın ən yaxşısı adına yiyələnən millimiz həm ümumi medal sayında, həm də mükafatlarının əyarına görə rəqibləri üçün əlçatmaz olub. Boksçularımızın ən yaxın izləyici olan Özbəkistan Oyunları 2-ci pillədə bitirib. Yığmamızdan 2 medal geri qalan asiyalılar 5 dəfə fəxri kürsüyə qalxıblar. Bunlardan 3-ü qızıl medal olub.

Medal siyahısında Qazaxıstan üçüncüdür. Bu komanda Bakıdan 2 çempionluq və 3 "bürünc”lə ayrılır. Boks yarışlarında himni çalınan digər 2 ölkə isə Suriya ilə Türkmənistandır. Bakı-2017-də yalnız bu 5 ölkə çempionluq sevinci yaşayıb. Ümumilikdə isə 13 yığmanın üzvləri medal qazanmağı bacarıb.

Qeyd edək ki, boks yığmamızın heyətində Cavid Çələbiyev (60 kq), Teymur Məmmədov (91 kq), Məhəmmədrəsul Məcidov (+91 kq) birinci, Tamerlan Abdullayev (69 kq), Kamran Şahsuvarlı (75 kq), Rauf Rəhimov (81 kq) ikinci, Tayfur Əliyev (56 kq) isə üçüncü yeri tutub.
 
Aktual.az
Xəbər 563 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR