Milli Qəhrəmanlara verilən aylıq təqaüd 2,2 dəfə artırılıb

Milli Qəhrəmanlara verilən aylıq təqaüd 2,2 dəfə artırılıb

Prezident İlham Əliyevin “Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərin sosial müdafiəsinin gücləndirilməsi haqqında” və “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün məbləğinin artırılması haqqında” 11 oktyabr 2016-cı il tarixli Fərmanları sosial müdafiə sahəsinə göstərilən yüksək diqqət və qayğının növbəti təzahürüdür.

Aktual.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumatda bildirilir.

“Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərin sosial müdafiəsinin gücləndirilməsi haqqında” 11 oktyabr 2016-cı il tarixli Fərman ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və tərəqqisi uğrunda mübarizədə yenilməz rəşadət və misilsiz vətənpərvərlik nümunəsi göstərərək Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş şəxslərin, onların ailə üzvlərinin sosial müdafiəsini daha da gücləndirilməsinə xidmət edir. Fərmana əsasən, Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş hər bir şəxs üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği artırılaraq 1300 (min üç yüz) manat müəyyən edilib.

Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş şəxslərə və onların ailə üzvlərinə Azərbaycan Prezidentinin 2005-ci il 14 iyul tarixli 258 nömrəli Fərmanına əsasən, həmin ilin avqustun 1-dən Prezidentin aylıq təqaüdlərinin təyin olunmasına başlanılıb. Dövlət başçısının 28 avqust 2013-cü il tarixli 954 nömrəli Fərmanı ilə həmin təqaüdlərin aylıq məbləği 2013-cü il sentyabrın 1-dən 66,7 faiz artırılaraq 1000 manata, 11 oktyabr 2016-cı il tarixli Fərmanla isə 30 faiz artırılaraq 1300 manata çatdırılıb. Beləliklə, ötən dövrdə Azərbaycanın Milli Qəhrəmanları və ya onların ailə üzvləri üçün Azərbaycan Prezidentinin aylıq təqaüdünün məbləği 2,2 dəfə artırılıb.

“Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün məbləğinin artırılması haqqında” 11 oktyabr 2016-cı il tarixli Fərmanla isə respublikanın elm, təhsil, mədəniyyət, iqtisadiyyat, dövlət idarəçiliyi və digər sahələrdə böyük əməyi olan şəxslər üçün Azərbaycan Prezidentinin fərdi təqaüdünün məbləği 30 faiz artırılaraq 1300 manata çatdırılıb.

Xəbər 350 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR