Sabah Azərbaycan Milli Məclisinin növbədənkənar iclası keçiriləcək. İclasın gündəliyi barədə açıqlama verilməsə də, ehtimallar var ki, ölkədəki iqtisadi vəziyyət əsas müzakirə mövzusu olacaq.
Aktual.az AzVision.az-a istinadən xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirib ki, iclasda hansı məsələlərin müzakirə olunacağı ilə bağlı konkret sənəd yoxdur: “Düşünürəm ki, iclasda 30 min manata qədər qorunan əmanətlərin məsələsinə yenidən baxıla bilər. Çünki, razılaşdırılıb ki, həmin məbləğ götürülsün və qorunan əmanətlərin məbləği limitsiz olsun. Bəlkə bununla bağlı qanunda dəyişiklik edildi. Eyni zamanda iclasda bir sıra digər məsələlər də müzakirə oluna bilər”.
Millət vəkili Asim Mollazadə isə bildirib ki, iclasda büdcəyə yenidən baxılması, qiymət artımları və digər aktual məsələlər müzakirə oluna bilər.
Deputat Tahir Rzayevin sözlərinə görə, günün ikinci yarısında növbədənkənar iclasın gündəliyi barədə deputatlara məlumat veriləcək.
Qeyd edək ki, Milli Məclis hazırda tətildədir. Parlament ötən il dekabrın 30-da qış sessiyasının sonuncu plenar iclasını keçirib. Yaz sessiyasının ilk plenar iclasının fevralın 1-də keçirilməsi planlaşdırılmışdı.