Milli Məclisin sektor müdirini baltalayan şəxsin cəzası endirildi - Foto

Milli Məclisin sektor müdirini baltalayan şəxsin cəzası endirildi - Foto

Bakı Apellyasiya Məhkəməsində Bakı şəhər sakini Məzahir Qasıminin (1951-ci il  təv.) CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə məhkəmə prosesi başa çatıb.

Aktual.az xəbər verir ki, ötən il sentyabrın 9-da saat 15 radələrində Səbail rayonu, Xanlar küçəsi ev 10 mənzil 4-də yaşayan Məzahir Qasımi 102-i xidmətinə zəng edərək, arvadını öldürdüyünü bildirib. Məlumatla əlaqədar 8-ci polis bölməsinin əməkdaşları sözügedən ünvana yollanaraq, cinayəti törədən şəxsin onları mənzildə gözlədiyini görüblər. Ekspertin və prokurorluq əməkdaşlarının iştirakı ilə hadisə yerinə keçirilən baxış zamanı Fəridə Məcidovanın meyiti qonaq otağında aşkar edilib.

Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Fəridə Məcidovanın ölümünə - beyin toxumasının əzilib dağılması, qansızmalarla müşayət olunan açıq travma səbəb olub.

İstintaqla müəyyən edilib ki, sentyabrın 9-da Məzahir Qasımi yaşadığı evdə olarkən arvadı Fəridə Məcidova ilə aralarında mübahisə yaranıb. Belə ki, qadın onun 2005-ci ildə Binə ticarət mərkəzində kişi paltarlarının satışı ilə məşqul olarkən qardaşı ilə birgə qazandıqları ümumi məbləğdən ona çatası hissəni mənimsədiyini bildirib. Ondan qardaşının götürdüyü pulları geri almasını tələb edib. Fəridə sakitləşmədiyi üçün münaqişə daha da kəskinləşib, buna görə əsəbiləşən Məzahir qisas almaq məqsədi ilə qadını öldürmək qərarına gəlib. Mətbəxdən çapacağı götürərək qonaq otağına keçib və divanda oturan Məcidovanın başına 2 dəfə zərbə endirib. Bununla da, arvadını qəsdən həyatdan məhrum edib.

İş üzrə dindirilmiş Məzahir Qasımi ittihamda özünü təqsirli bilərək ifadəsində, 1995-ci ildə Fəridə Məcidova ilə tanış olub, evləndiyini göstərib. Yoldaşı Milli Məclisdə sektor müdiri vəzifəsində işləyib, 2 ildir ki təqaüdə çıxıb. Qardaşı Hüseynağa ilə şərikli Binə Ticarət Mərkəzində paltar satışı ilə məşqul olarkən tez-tez Türkiyəyə mal almağa gedib-gəlib. 2005-ci ildə qardaşı qazandıqğları məbləğdən təxminən 50.000 manat pulu Məzahirdən xəbərsiz mənimsədiyi üçün münasibətləri pozulub və o, buna görə kiçik ticarətə keçib. Hüseynağadan pulu dəfələrlə qaytarmasını tələb etsə də, faydası olmayıb. Hər dəfə işdən evə gəldikdə öz növbəsində Fəridə ondan pulu istəyib, qardaşı və anasının ünvanına söyüşlər söyərək, onları oğru adlandırıb. Arvadının təhqirlərinə dözməyən Məzahir ondan ayrılmaq qərarına gəlib, bu fikrini yoldaşına bildirdikdə Fəridə də onunla razılaşıb. 2016-cı il avqustun 8-də Yasamal rayon qeydiyyat şöbəsinə müraciət ediblər, onlara 1 ay müddət verilib. Sentyabrın 9-da həkim müayinəsi ilə əlaqədar birlikdə Neftçilər xəstəxanasında olublar, ordan qayıdandan sonra Fəridə yataq otağına keçib və növbəti dəfə köhnə söz-söhbətləri yadına salıb ona kobud şəkildə qardaşının oğru olduğunu deyib. Məzahir bir neçə dəfə sakitləşməsini tələb edib, sonra mətbəxə keçib, istifadə etdikləri çapacağı götürüb. Qonaq otağına gələrək heç bir söz demədən Fəridənin baş nahiyyəsindən zərbələr vurub. Sonra həmin alətin üzərindəki qanı mətbəxdə yuyub, polisə zəng edib, yoldaşını qətlə yetirdiyini deyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Məzahir Qasımi 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Hökmdən məhkum apellyasiya şikayəti verib.

Bakı Apellyasiya Məhkəməsi işin hallarını araşdıraraq, birinci instansiya məhkəməsinin hökmünü dəyişdirib. Qərara əsasən, məhkumun cəzası 9 ilə endirilib.












Xəbər 924 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR