Milli Məclisin aprelin 5-də keçiriləcək iclasının gündəliyi açıqlanıb.
Aktual.az Apa-ya istinadən xəbər verir ki, iclasın gündəliyinə 21 məsələ daxil edilib.
İclasda İnsan hüquqları üzrə müvəkkilin məruzəsi dinləniləcək. İclasın gündəliyinə “Antiinhisar fəaliyyəti haqqında”, “Banklar haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “İnvestisiya fondları haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “İnzibati icraat haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Azərbaycanda vərəmlə mübarizə haqqında”, “Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında” və “İnsan immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında” qanunlara dəyişikliklər, habelə Cinayət, Mülki, İnzibati və Torpaq məcəllələrinə dəyişikliklər daxil edilib.
İclasda həmçinin “Əhaliyə tibbi yardımın göstərilməsi, virusologiya müəssisələri üzrə elmi tədqiqatların aparılması və virus preparatlarının istehsalı ilə məşğul olan işçilərin öz xidməti vəzifələrinin yerinə yetirilməsi zamanı insanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyə yoluxma, habelə bununla əlaqədar baş vermiş əlillik, 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu və ölüm hadisələrinin dövlət icbari sığortası qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” qanunun ləğv edilməsi müzakirə ediləcək.