Martın 5-6-sı Azərbaycan Milli Məclisinin üzvləri Cavanşir Feyziyev, Asim Mollazadə, Fuad Muradov və Aslan Cəfərov Paraqvaya səfər edib.
Azərbaycanın Xarici İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, səfər vaxtı ilk olaraq Azərbaycan parlamentinin nümayəndə heyəti Paraqvay Milli Konqresinin yuxarı palatasında Senatın sədrinin əvəzləyicisi qismində sədrin birinci müavini Enrike Baketta, Senatın Xarici Əlaqələr və Beynəlxalq Məsələlər daimi komissiyasının sədri Migel Sakier, habelə Senatda Azərbaycanla parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşüblər.
Ardınca isə Azərbaycan millət vəkilləri Paraqvay Deputatlar Palatasının sədri Uqo Velazkez və həmin palatanın Beynəlxalq Əlaqələr Komissiyasının sədri Xose Maria İbanyez ilə görüşüblər.
Görüşlərdə Azərbaycan və Paraqvay parlamentləri arasında əməkdaşlığın iki ölkə arasında siyasi, iqtisadi və humanitar sahələrdə əlaqələrin inkişafına verəcəyi töhfə barədə fikir mübadiləsi aparılıb, enerji və kənd təsərrüfatı sektorları prioritet əməkdaşlıq sahələri kimi qiymətləndirilib və müvafiq sahələrdə qanunvericilik üzrə qarşılıqlı təcrübə mübadiləsinin faydalılığı qeyd olunub. Xüsusilə də, hər iki ölkənin açıq dənizə birbaşa çıxışının olmadığını nəzərə alaraq, Paraqvay tərəfi Azərbaycanın beynəlxalq bazarlara çıxışını təmin edən infrastruktur layihələrini, eyni zamanda neft və qaz sektorunda əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirib və bu sahələrdə Azərbaycanın təcrübəsinin öyrənilməsinə maraq göstərib. Görüşlərdə həmçinin, parlamentlərarası əlaqələrin genişləndirilməsi, həmçinin beynəlxalq və regional məsələlər də diqqət mərkəzində olub. Azərbaycanlı parlamentarlar ölkəmizin inkişaf strategiyası, xarici siyasətinin əsas istiqamətləri, Ermənistanın Azərbaycana qarşı təcavüzü, münaqişənin həllinin regiona gətirəcəyi fayda, ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi, təhsil, gənclər, idman sahələrində aparılan işlər, həmçinin Azərbaycanın mədəniyyətlərarası dialoqda oynadığı rol barədə məlumat veriblər.
Səfər vaxtı Azərbaycan nümayəndə heyətinin Paraqvay hökumətinin üzvləri ilə də təmasları olub. Paraqvayın xarici işlər nazirinin əvəzləyicisi qismində nazir müavini Riqoberto Qauto ilə keçirilən görüşdə iki ölkə arasında siyasi, iqtisadi, humanitar, təhsil sahəsində əməkdaşlıq, müvafiq hüquqi-normativ bazanın inkişafı mövzularında fikir mübadiləsi aparılıb. Görüşdə, habelə beynəlxalq və regional mövzular da diqqət mərkəzində olub və azərbaycanlı deputatlar ölkəmizin xarici siyasəti, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və münaqişənin regiondakı vəziyyətə təsiri barədə məlumat veriblər. Paraqvayın mədən və enerji nazirinin müavini Maurisio Bexarano və kənd təsərrüfatı və heyvandarlıq nazirinin müavini Markos Medina ilə görüşlərdə Paraqvay tərəfi Azərbaycanın neft və qaz sektorunda, Azərbaycan tərəfi isə Paraqvayın kənd təsərrüfatı sektorunda əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirib. Tərəflər bu sahələr üzrə qarşılıqlı əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparıblar.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Paraqvayın işgüzar dairələri, o cümlədən SENACSA, ARP, FECOPROD, APROLE, Frutika kimi istehsal assosiasiyaları və şirkətlərinin rəhbər nümayəndələri ilə görüşləri keçirilib. Görüşlərdə iqtisadi, ticarət və sərmayə sahələrində əməkdaşlıq imkanları müzakirə olunub.