"Bu gün od çərşənbəsidir, bu münasibətlə hamınızı təbrik edirəm. Ombudsmanın hesabatı ilə bağlı onu qeyd etmək istəyirəm ki, dünyanın heç bir ölkəsində Ombudsman sosial hüquqların genişləndirilməsi, sosial müdafiənın təmin olunması məsələləri ilə məşğul olmur. Bu, həmin ölkələrdə siyasi partiyaların fəaliyyət sahəsinə aiddir, onlar öz aralarında müzakirə edirlər və nə edəcəkləri ilə bağlı vətəndaşlara vədlər verir. Ombudsmanın işi daha çox dövlət hakimiyyəti orqanlarının mövcud qanunvericiliyin tələblərinə nə dərəcədə əməl etməsini müəyyən etməkdir”.
Aktual.az xəbər verir ki, bu fikirləri Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən plenar iclasında Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2025-ci ildə ölkədə insan hüquqlarının qorunması haqqında illik məruzəsinin müzakirəsi zamanı deyib.
Millət vəkili bildirib:
"Hazırda bizim cəmiyyətdə ən çox narazılıq doğuran məqamlardan biri odur ki, insanlar məhkəmələrin qərarlarından şikayətçidirlər və məhkəmələrdə ədalət tapa bilmədiklərini bildirirlər. Mən dəfələrlə qeyd etmişəm ki, güclü məhkəmə hakimiyyəti olmadan ölkədə heç vaxt sosial ədaləti təmin etmək mümkün deyil. Heç bir Ombudsman, heç bir dövlət və icra hakimiyyəti orqanı ölkədə qanunların aliliyini təmin edə bilməz.
Bu günlərdə – 26 fevral tarixində – Baş nazir tərəfindən İqtisadi Şuranın iclası keçirildi və orada məhkəmə-hüquq sahəsinə dair məsələlər müzakirə olundu. Məni təəccübləndirən və təəssüfləndirən orada Ali Məhkəmənin sədrinin əyləşdirildiyi yer oldu. Bunun özü də cəmiyyət üçün bir mesajdır. Ali Məhkəmənin sədri məhkəmə hakimiyyətinin başında duran şəxsdir və Nazirlər Kabinetinin tərkibinə daxil olmayan bir adamdır. O, ən azından Baş Nazirin yanında əyləşməli idi. Amma nazirlərin arasında əyləşdirilmişdi və bu, hər halda yaxşı bir təəssürat yaratmırdı. Görünür, düşünürlər ki, İnam müəllim hələ də kənd təsərrüfatı naziridir.
Orada yaxşı olardı ki, ictimaiyyətə də həm də məlumat verilərdi ki, bu müzakirə nəyin əsasında keçirilib. Məhkəmələrdən daha çox icra hakimiyyəti orqanları şikayət edir, yoxsa sahibkarların narazılığı əsasında belə bir müşavirə keçirilib? İcra hakimiyyəti orqanları xüsusilə də inzibati məhkəmələrin qərarlarından şikayət verirlər ki, onlar vətəndaşların, sahibkarların hüquqlarını müdafiə edir, sahibkarlar da şikayətlidirlər ki, onlar məhkəmələrdə ədalət tapa bilmirlər.
Xatırlayırsınızsa, vaxtilə burada Ombudsman hesabat verəndə Gəncə İnzibati Məhkəməsi ilə bağlı mənim bir məqam diqqətimi cəlb etmişdi. O zaman mən məsələ qaldırdım ki, bəli, bu məhkəmənin fəaliyyəti ilə, orada süründürməçiliklə bağlı mənə müraciət ediblər. Bu, bir neçə il bundan öncə idi.
Hörmətli sədr və həmkarlar, hörmətli Ombudsman! Bu günə qədər də o məsələ həllini tapmayıb. İş o yerə çatır ki, Ali Məhkəmənin sədri Gəncəyə səfər edir və həmin şəxs Ali Məhkəmənin sədri ilə görüşür və İnam Kərimov deyir ki, vətəndaşın hüquqlarını bərpa etmək lazımdır. Bundan sonra yenə Apellyasiya Məhkəməsi işi Konstitusiya Məhkəməsinə göndərir. Konstitusiya Məhkəməsi deyir ki, vətəndaşın hüquqları bərpa olunmalıdır, amma Konstitusiya Məhkəməsinin də rəyi nəzərə alınmır və İnzibati İşlər üzrə Gəncə Apellyasiya Məhkəməsi o qərarı ləğv edib göndərir Ali Məhkəməyə. Yəni sözüm ondadır ki, sahibkarlar illərlə öz hüquqlarını məhkəmələrdə qoruya bilmirlər. Biz bu barədə düşünməliyik ki, necə edək ki, məhkəmə hakimiyyətini gücləndirək”.
Millət vəkili əlavə edib:
"İkinci, doğrudan da çox ciddi narahatedici məqamlardan biri ondan ibarətdir ki, bununla bağlı insanların çoxu müraciət edirlər. Bu yaxınlarda mənə də vicdanlı alıcı məsələsi iləbağlı müraciət etmişdilər. Hamınızda təsəvvür yaransın deyə bir nümunə çəkirəm. Dövlət təhlükəsizlik xidmətinin keçmiş zabiti mənə müraciət edir və deyir ki, onun yaxın qohumunun torpağını saxta sənədlər əsasında çıxarış alıblar və başqasına satıblar. O da başqasına satıb, alan da digərinə. İndi ona deyirlər ki, sənin torpağın çıxarış əsasında satılıb və geri qaytarıla bilməz. Qanunvericilikdə də belədir və bu doğrudan da dəhşətdir.
Məhkəmələrin işi ədaləti bərpa etməkdir. Bu, Konstitusiyada yazılıb, qanunlar da ədaləti müdafiə etməlidir.
Məhkəmədə şəxs gəlir deyir ki, ilk sənədləri qadının adına saxtalaşdırıblar. Qadın gəlib deyir ki, mənim heç nədən xəbərim yoxdur. İcra hakimiyyətinin nümayəndəsi bundan xəbərsiz olduğunu deyir. Saxta sənədlər əsasında başqasının torpağını satırlar və çıxarış alırlar. Onun əsasında o da satır başqasına, o da digərinə. İndi insan deyir ki, mən torpağımı satmaq istəmirəm, torpağımı geri almaq istəyirəm. O deyir ki, yox, sən artıq torpağını geri ala bilməzsən, ona görə ki, onu alan vicdanlı alıcıdır. Burada sosial ədalət harada qaldı? Bunu da bununla əsaslandırırlar ki, guya mülki dövriyyənin sabitliyini təmin etmək istəyirlər. Ona görə də bu istiqamətdə qanunvericiliklərdə də dəyişiklik etmək lazımdır.
Ombudsman daha çox bu tipli məsələlərə diqqət yetirməlidir, xüsusilə də məhkəmə qərarlarının icrası ilə bağlı məsələlərə. Biz dəfələrlə danışmışıq ki, burada da vəziyyət çox ağırdır. Biz indi xüsusi icra orqanlarının yaranması barədə də qanun qəbul etdik ki, bu sahədə işlər yüngülləşsin. O proses gedir, amma çox təəssüf ki, bu vəziyyət hələ də düzəlmir. Ona görə də, hörmətli sədr, Nazirlər Kabineti bu istiqamətdə İqtisadi Şuranın iclasında müzakirə keçirib, amma Milli Məclisdə də müvafiq icra hakimiyyəti orqanlarının iştirakı ilə ölkədə qanunvericiliyin vəziyyətinə dair dinləmənin keçirilməsinə çox böyük ehtiyac var”.
Xəbər 52 dəfə oxunub.