Azərbaycan Milli Məclisinin (MM) bu gün keçirilən iclasında “Avropa Parlamenti ilə Azərbaycan Respublikasının Milli Məclisi arasında əməkdaşlıq məsələləri haqqında” qərar layihəsi müzakirəyə çıxarılıb.
Aktual.az-ın APA-ya istinadən məlumatına görə, layihəni təqdim edən MM-in Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib ki, Avropa Parlamenti ötən il Azərbaycanla bağlı qərəzli qərar qəbul etdikdən sonra ötən 1 il ərzində avroparlamentarilər rəsmi və qeyri-rəsmi şəkildə bu münasibəti bərpa etməyə çalışıblar, amma Azərbaycan deputatlarından heç kim onlarla ünsiyyətdə olmayıb:
“Onlara bir fikir çatdırılıb ki, Azərbaycanla bağlı öz münasibətlərində çox ciddi dəyişiklik etməlidirlər. Biz dedik ki, Azərbaycanla ikitərəfli münasibətlərin bərpasını istəyirlərsə, Avropa Parlamentinin rəhbərliyi tərəfindən mandat əldə etmiş nümayəndə heyəti göndərməlidirlər. Belə də oldu və bu il sentyabrın 19-da Azərbaycana geniş tərkibdə nümayəndə heyəti gəldi. Avropa Parlamenti belə geniş tərkibdə hələ heç bir ölkəyə nümayəndə heyəti göndərməyib.
Onlar Azərbaycan prezidenti tərəfindən qəbul olundu, bütün söhbət mətbuatda da geniş işıqlandırıldı. Çox konkret, obyektiv və Avropa Parlamentinin qeyri-obyektivliyini sənədlər əsasında əks etdirən görüş oldu. Bu görüş dönüş nöqtəsi idi. Azərbaycan prezidenti faktları ortaya qoydu və onlar anladılar ki, Avropa Parlamenti Azərbaycanla ikitərəfli münasibəti qorumaq istəyirsə, hər hansı məsələni yalnız sözlə yox, sənədlə ortaya qoymalıdır.
Azərbaycan heç bir beynəlxalq təşkilatla əməkdaşlıqdan imtina etməyib, etmək fikrində olmayıb. Biz Avropa Birliyi ilə də ən yüksək səviyyədə münasibətlər qurmaq istəyirik. Amma qarşıqlıqlı maraqlar qorunmalıdır”.
Spiker Oqtay Əsədov isə bildirib ki, bir çox avroparlamentarilər təklikdə görüşdə ötən il qəbul etdikləri qərara görə üzr istəyiblər.
O, həmçinin qeyd edib ki, qrup yaradılıb və bu qrup Avronestlə bağlı qərar üzərində də işləyəcək.
Layihə səsə qoyularaq qəbul olunub.
Sənəddə bildirilir ki, Avropa Parlamentinin 2015-ci il sentyabrın 10-da Azərbaycana dair qəbul etdiyi ədalətsiz və qeyri-obyektiv qətnamə bu parlament təşkilatı ilə Azərbaycan arasında münasibətlərin inkişafına ciddi zərbə vurub.
“Ölkəmizlə Avropa İttifaqı və onun üzvü olan dövlətlər arasında tərəfdaşlığı sarsıtmağa, Azərbaycanın beynəlxalq nüfuzuna xələl gətirməyə yönələn bu qərəzli siyasi aksiyanın cavabında Milli Məclis 2015-ci il sentyabrın 14-də müvafiq qərar qəbul edib.
Həmin qərara əsasən, Milli Məclis Avronest Parlament Assambleyasında üzvlüyə xitam verilməsi barədə prosedur qaydalarının icrasına başlanılmasını və prosedur dövründə Milli Məclisin nümayəndə heyətinin Avronest PA-nın tədbirlərin qatılmaması qərara alınıb. Eyni zamanda həmin qərarla Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin mövcud formatda fəaliyyətində Milli Məclisin iştirakına son qoyulub.
Bu il sentyabrın 19-21-də Avropa Parlamentinin 15 nəfərdən ibarət nümayəndə heyəti Azərbaycanda olub və əlaqələrin bərpa edilməsi məsələsini müzakirə edib.
Səfərin yekunlarına uyğun olaraq qarşılıqlı münasibətlərin qırılmasına gətirib çıxara biləcək hər hansı halların gələcəkdə baş verməməsi üçün zəruri tədbirlərin görüləcəyi əminliklə qeyd edilib. Milli Məclis bunları nəzərə alaraq, Avropa Parlamenti ilə əlaqələri yenidən bərpa etmək üçün parlamentin 2015-ci ilin 14 sentyabr tarixli qərarı 10-cu və 11-ci maddələri qüvvədən düşmüş sayır”.