Milli Məclisin deputatı Qalib Salahzadənin evindən silah-sursat aşkar edilib.
“Qafqazinfo” xəbər verir ki, onun Bilgəhdə yerləşən evində bir neçə gün əvvəl hüquq-mühafizə orqanlarına daxil olan məlumat əsasında axtarış aparılıb. Axtarış nəticəsində deputatın evindən külli miqdarda silah-sursat tapılıb. Faktla bağlı dindiriliən Hacı Qalib Salahzadə ifadəsində bildirib ki, bu sulah-sursatdan xəbəri yoxdur, orada yaşamır və həmin evdə xidmətçilər və mühafizəçiləri qalır.
Deputatın evində belə bir əməliyyat keçirilməsini “Qafqazinfo”ya hüquq-mühafizə orqanlarından da təsdiqləyiblər. Məlumata görə əməliyyatı polis keçirib və evdən patronla dolu silah daraqları, silahlar və xeyli patron aşkar edilib. Artıq məsələ DİN rəhbərliyinin nəzarəti altındadır və hazırda ciddi araşdımalar aparılır.
Millət vəkili Hacı Qalib Salahzadə evindən silah-sursat tapılması ilə bağlı xəbərlərə münasibət bildirib. Lent.az-a açıqlama verən deputat bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir: “Biri deyir evdə silah tapılıb, biri deyir bağda tapılıb. Biri yazır polis axtarış aparıb, o biri yazır ki, MTN axtarış aparıb. Bunların hamısı boş söhbətlərdir, şaiyədir. Mənim heç nədən xəbərim yoxdur”.
Qeyd edək ki, Sabunçu rayonundan millət vəkili olan Qalib Salahzadə həm də Şeyxülislam Allahşükür Paşazadənin qudasıdır.