Millət vəkilindən futbolçularımıza dəstək: “Allah xətrinə, dayanmayın”

Millət vəkilindən futbolçularımıza dəstək:   “Allah xətrinə, dayanmayın”

Aktual.az  xəbər verir ki, Millət vəkili Elşən Musayev millimizin son günlərdə uğurlu çıxışlarına maraqlı şərh yazıb. Şərhi olduğu kimi təqdim edirik:

"Sovet çempionatında klub (Neftçi) səviyyəli üçüncülüyümüzdən sonra biz heç vaxt özümüzə futbol üzərindən milli kumir seçmədik. Kiminsə qolu, kiminsə adı, kiminsə qələbəsi ilə öyündük. Daima. Birimiz "Barselona”lı olduq, digərimiz ”Ayaks”lı, başqa birimiz isə "Yuventus”lu. Xəyal ürünlərimiz belə Azərbaycan futbolunun nə zamansa inkişaf edəcəyi ilə bağlı ehtimal qapılarını üzümüzə açmadı. Daha lorusu, yuxuda da görmədik zəfər sevincini, möcüzələri…

Vidadi İsveçrənin, Samir Portuqaliyanın qapısına yol tapdığında da anladıq ki, bu bir təsadüfdü. Ardı gəlməz, gələ bilməz! Gəlmədi də zatən. Təməl və dayanıqlıq yox idi. Bu səbəbdən.
Sonra hirsimizdən "sudya” qınadıq, məşqçi qovduq, oyunçu fitə basdıq, futbola aid hər şeyi məsxərəyə qoyduq. Dedilər etməyin, eləməyin, ayıbdır. Eşitməzdən keçdik. Hə, eşitməzdən keçdik. Qəsdən. İçimiz yanrdı. Ona görə.

Zaman-zaman 4 top yeyəndə sevindik. 6,7,8,9 olmadı, tablo iki rəqəmli hesaba şahidlik etmədi deyə…

Zaman-zaman təsəllimizi rəqibə verilən sarı, qırmızı kartla tapdıq. Əlacsızlıqdan.

Zaman-zaman stadiondan qayıdarkən bir adam bizdən oyun haqda xəbər almadı. Nə yolda, nə məhlədə, nə evdə. Ən uzağı lağ edib doladılar. Təxminən "Yenə uduzduz?”, "Hələ udmağa ümidiniz də vardı?”, "Bu dəfə neçəsini vurdular?”- formatında atmaca suallarla.

***

Biz gerçəkdən çox gözlədik. Çox!

Stadiondan suyu süzülə-süzülə çıxmayacağımız günü çox gözlədik…
Bəzən bir qolun ahəngilə xoşbəxt olmağın mümkünlüyünü özümüzə isbat edəcəyimiz günü çox gözlədik…

Nə zamansa "Yuventus”lu, "İnter”li deyil də, "Qarabağ”lı, "Qəbələ”li olacağımız günü çox gözlədik…

Norveçin, Çexiyanın üstündə Almaniya kimi nəhənglə baş-başa qalacağımız, gecənin tam ortasında göz yaşlarına hakim olmayacağımız günü çox gözlədik…

***

Haydı uşaqlar, yorulmayın. Allah xətrinə, dayanmayın. Bu sevinci yarı yolda kor etməyin.

Özümüzü güclə toxtatmışıq….”

Xəbər 1470 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR