Millət vəkili Qənirə Paşayeva Taylandın Hökumət rəhbərliyi ilə Qarabağ problemindən danışıb.
Qənirə Paşayeva Baş Nazır müavininə Taylanddan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq təşkilatlarda daha böyük dəstək gözləyirik deyib.
Millət vəkili Qənirə Paşayeva Taylandda Baş nazirin müavini Prajin Juntoqla görüşüb. Görüş zamanı millət vəkili Qənirə Paşayeva ona Azərbaycanla bağlı məlumatlar verib, Azərbaycan-Tayland münasibətləri ilə yanaşı Ermənistanın işğalçılıq siyasəti və Xocalı Soyqırımı ilə də bağlı geniş danışıb. O, 1 milyon azərbaycanlının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi və onların fundamental insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulmaqda davam etməsi, Ermənistanın bölgədə bu gün də davam etdirdiyi təxribatlar barədə ətraflı məlumatlar verib. O deyib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq ədalətin yanında olan bütün insanlar Ermənistanın bu addımlarına laqeyd, seyrçi qalmamalı və buna qarşı öz etiraz səsini ucaltmalı, Xocalı Soyqırımının tanınması, bu dəhşətli cinayəti törədənlərin ədalət qarşısında cavab verməsi, azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz ev-eşiklərinə dönməsi üçün səylərini artırmalıdırlar. O deyib ki, Taylandda Azərbaycan həqiqətlərinin daha da geniş şəkildə bilinməsinə və daha da geniş dəstəklənməsinə böyük ehtiyac var. Qənirə Paşayeva Baş Naizr müavininə dost Taylanddan Dağlıq Qarabağ münaqişəsi və digər önəmli məsələlərdə beynəlxalq təşkilatlarda daha böyük dəstək gözləyirik deyib və onu hər zaman Azərbaycanda görməkdən məmnunluq duyacaqlarını deyərək Azərbaycana dəvət edib. Azərbaycanla əməkdaşlığın inkişafına önəm verdiklərini, Azərbaycanı böyük məmnuniyyətlə yaxından tanımaq və əməkdaşlığın daha da genişlənməsində maraqlı olduqlarını deyən Tayland Baş nazirin müavini Prajin Juntoqla Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın inkişafı üçün səyləri artıracaqlarını deyib. Görüşün sonunda Qənirə Paşayeva Baş nazirin müavini Prajin Juntoqlaya rəhbərlik etdiyi Avrasiya Beynlxalq Araşdırmalar İnstitutu İB-nın hazırladığı və içərisində Qarabağ həqiqətlərini, erməni yalanlarını əks etdirən ingilis dilində sənədli filmlərin olduğu “Azərbaycan həqiqətləri” filmləri kataloqunu da hədiyyə edib.