Millət vəkili Qənirə Paşayevanın Antalyanın Azərbaycan şəhərlərindən biri ilə qardaşlaşma təklifini bələdiyyə başqanı qəbul edib və bu gündən bu istiqamətdə işlər başlanacaq deyib.
Millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva Antalya Böyük Şəhər bələdiyyəsinin sədri Menderes Türellə görüşüb. Görüşdə Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova, Antalya Azərbaycan Kültür və Dayanışma Dərnəyinin rəhbəri Çingiz Qədimli, təşkilatın fəalları, Antalya Türk Ocaqlarının rəhbər və fəalları da iştirak ediblər.
Gorüş zamanı millət vəkili Qənirə Paşayeva Azərbaycan ilə Türkiyənin bəzi şəhərlərinin və bələdiyyələrinin qardaş şəhərlər və bələdiyyələr olduğunu bildirərək, Antalya bələdiyyəsinin Azərbaycan bölgələrindən biri ilə qardaş olaraq görmək istədiklərini bildirib. Menderes Türeli hər zaman Azərbaycana böyük sevgi və Qarabağ probleminə duyarlılıqla yanaşdığını xüsusi vurğulayan millət vəkili Qənirə Paşayeva Antalya Büyükşehir bələdiyyə başqanı ilə Dağlıq Qarabağ problemi ilə bağlı da fikir mübadiləsi aparıb və yaxın zamanlarda Antalya mərkəzi parklarından birinə Qarabağ adının veriləcəyinə, Xocalı Soyqırımı abidəsinin qoyulacağına inandığını deyib və bu istiqamətdə xahişini bir daha təkrarlayaraq Antalya bələdiyyəsi tərəfindən bu cür addımın atılmasının böyük əhəmiyyətindən, vacibliyindən danışıb. Azərbaycanı sevdiyini deyən Antalya Büyükşehir bələdiyyəsinin sədri Menderes Türel Türkiyənin və Azərbaycanın bir millət iki dövlət olduğunu vurğulayaraq Antalya bələdiyyəsinə rəhbərliyi dövründə Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın inkişafına xüsusi önəm və diqqət edəcəyini deyərək qardaş bələdiyyələr məsələsi ilə də bağlı addımlar atılacağını deyib. Qarabağ problemi, Xocalı ağrısı hər zaman bizim də problemimiz və ağrımızdır deyən Antalya Büyükşehir bələdiyyəsinin sədri Menderes Türel hər zaman qardaş Azərbaycanın yanındayıq deyib. Millət vəkili Qənirə Paşayeva qondarma erməni soyqırımı yalanlarının qarşısının alınması, Qarabağ həqiqətlərinin, Xocalı Soyqırımı gerçəklərinin dünyaya daha geniş şəkildə tanıdılmasında gənclərimizin üzərinə böyük bir missiya düşdüyünü deyərək Antalya Azərbaycan Kültür və Dayanışma Dərnəyi və Antalya Türk Ocaqlarının dəvəti ilə Antalyaya gəldiyini və bu mövzuları özündə əks etdirən konfransda məruzə ilə çıxış edəcəyini və gənclərin suallarını cavablandıracağını deyərək gənclərimiz bu məsələlərdə daha aktiv olmalıdırlar deyib. Bu cür konfransların önəminə toxunan Antalya Böyük Şəhər bələdiyyə başqanı Menderes Türel bildirib ki, gənclərimizin erməni yalanların qarşısının alınması və Qarabağ həqiqətlərinin daha çox yayılması istiqamətində rolunu artırmaq üçün bu cür müzakirələr çox önəmlidir. Azərbaycanın bir çox şəhərləri və bələdiyyələri Türkiyənin şəhər və bələdiyyələri ilə qardaşlaşıblar deyən millət vəkili Antalyanın da Azərbaycanın hər hansı bölgəsi ilə qardaşlaşması bu baxımdan önəmli olduğunu bilridib."Antalya Azərbaycan Kültür və Danayaşma Dərnəyinin rəhbərliyi Antalyada 5 mindən çox Azərbaycanlı yaşadığı barədə məlumatlar verdilər. Eyni zamanda burada Akdeniz Universitetində çoxlu sayda gəncimiz təhsil alır. Biz inanırıq ki, siz onların ortaya çıxan məsələ və problemlərinin həllində bu günə qədər olduğu kimi bundan sonra da hər zaman diqqət və qayğı ilə yanaşacaqsınız və bunun üçün sizə təşəkkürümüzü bildiririk. "Millət vəkili Qənirə Paşayevanın Antalyanın Azərbaycan şəhərlərindən biri ilə qardaşlaşma təklifini bələdiyyə başqanı qəbul edib və bu gündən bu istiqamətdə işlər başlanacaq deyib. Millət vəkili Antalya Büyükşehir bələdiyyəsinin sədri Menderes Türel və xanımını Azərbaycanda görməkdən məmnun olacaqlarını bildirərək onları ölkəmizə dəvət edib. Dəvəti məmnuniyyətlə qəbul edən Antalya Büyükşehir bələdiyyəsinin sədri Menderes Türel Azərbaycana məmnuniyyətlə səfər etmək istədiyini deyib. Görüşün sonunda millət vəkili Qənirə Paşayeva Antalya Böyük şəhər bələdiyyə başqanına həmmüəllifi olduğu “Hocalı soykırımı tanıkların dili ile” kitabını, rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB tərəfindən hazırlanan “Azərbaycan həqiqətləri” filmləri kataloqunu, Azərbaycan tarixi, mədəniyyəti, Qarabağ həqiqətlərini özündə əks etdirən kitablar hədiyyə edib. O da millət vəkilinə Antalyanın tarixi, mədəniyyəti ilə bağlı kitablar, materialları və özünün müəllifi olduğu kitabları hədiyyə edib.