Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov "Xüsusi hallar barədə məlumatların verilməsi haqqında" əmr imzalayıb.
Aktual.az Report.az-a istinadən xəbər verir ki, əmrə əsasən Təhsil Nazirliyinin (TN) struktur qurumlarının və strukturuna daxil olmayan tabeliyindəki qurumların rəhbərləri xüsusi hallar haqqında dərhal telefonla, sonradan isə yazılı formada TN-ə məlumat verilməsini təmin etməlidirlər.
Xüsusi hallara bunlar daxildir:
- təbii fəlakət, yanğın, digər fövqəladə hadisələr;
- təhsil işçiləri tərəfindən cinayət hadisələrinin törədilməsi, o cümlədən korrupsiya hüquq pozuntularına yol verilməsi və ya təhsil müəssisəsində (onun ərazisində) törədilmiş cinayət hadisələri;
- hüquq-mühafizə orqanlarının təhsil müəssisələrində əməliyyat-axtarış fəaliyyətini həyata keçirməsi, təhsil müəssisəsinə aid sənədlərin tələb olunması və ya götürülməsi;
- elektrik, istilik, su və qaz təchizatının dayandırılması və digər hallar nəticəsində normal fəaliyyətin pozulması;
- şagird və tələbələrin kütləvi zəhərlənməsi, epidemiya xarakteri alan xəstəliklər;
- təhsil müəssisəsinin ərazisində təhsilalanların və təhsil işçilərinin xəsarət alması;
- təhsil müəssisəsinin ərazisinin zəbt olunmasına cəhdlər;
- inzibati binaya, əsas vəsaitlərə, kitabxana fonduna ziyan dəyməsi, dövlət nümunəli və sair əhəmiyyətli sənədlərin, möhür və ştampların itirilməsi və ya oğurlanması;
- təhsil müəssisəsinin normal fəaliyyətinin pozulmasına səbəb olmuş hər hansı digər hadisələr.
Xüsusi hallar barədə məlumatlar Təhsil Nazirliyinin İnformasiya şöbəsinə (həftənin iş günləri 9:00-dan 18:00-dək TN-in "Qaynar xətt" xidməti - 146 telefon nömrəsinə, qeyri-iş vaxtları isə (051) 7601270) verilməlidir.