Tovuzda millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB tərəfindən ön cəbhə sakinləri üçün möhtəşəm konsert proqramı keçirilib.
Aktual.az xəbər verir ki, yeni tikilmiş istirahət və ticarət mərkəzində təşkil olunmuş tədbirdə yüzlərlə ön cəbhə kəndlərinin sakinləri iştirak edib. Tədbirdə millət vəkili Qənirə Paşayeva, Tovuz rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalov ümummilli liderimiz Heydər Əliyevin və onun siyasətini uğurla davam etdirən cənab Prezidentimiz İlham Əliyevin böyük fəaliyyətini xüsusi vurğulayaraq bildiriblər ki, Avropa Oyunları məşəli mayın 19-da Tovuzda olacaq və bu möhtəşəm tədbirə də bütün sakinlərimiz dəvətlidirlər. Onlar ön cəbhə kəndlərində yaşayan sakinlərin bütün çətinləklərə rəğmən qəhrəman olduqlarını və bu cür tədbirlərin burada keçirilməsinin əhəmiyyətini vuğulayıblar.
Millət vəkili Qənirə Paşayeva ön cəbhə sakinlərini cəsarətli, qorxmaz adlandırıb: "Ermənistanın bütün çirkin əməllərinə baxmayaraq, siz, cəsarətiniz, Vətən, torpaq sevginiz, qorxmazlığınızla hər zaman düşmənə ən gözəl cavabı verirsiniz. Siz gerçəkdən də qəhrəman insanlarsınız və siz də daxil olmaqla ölkəmizin ön cəbhəsinin önündə yaşayan bütün insanlarımız hər kəsdən daha çox diqqət və qayğıya layiqdir”. Millət vəkili Qənirə Paşayeva “inşallah yaxın zamanlarda Ali Baş Komandanın rəhbərliyi altında birlik və bərabərlik içində işğaldan azad edəcəyimiz Dağlıq Qarabağımızda, Xankəndində, Xocalıda, Şuşada və bütün o gözəl bölgələrimizdə də belə tədbirlər keçirəcəyik. İnanırıq ki, o gün uzaqda deyil. Biz hamımız bunun üçün əlimizdən gələni etməliyik”, – dedi. Azərbaycanın əməkdar artisti Nuriyyə Hüseynovanın möhtəşəm konsert proqramını sakinlər alqışlarla qarşılayıblar. Azərbaycan muğamları ilə bərabər , Nuriyyə xanımın vətənpərvərlik mövzusunda ifa etdiyi əsərləri bir çox sakinlər onunla bərabər ifa ediblər. Nuriyyə Hüseynova hər zaman Tovuzda ön cəbhədə çıxış etməkdən hər zaman qürur və sevinc hissi duyduğunu və hər zaman bu cür tədbirlərdə iştirak etməyə hazır olduğunu deyib və musiqilərlə bərabər fikir və düşüncələrini də sakinlərlə bölüşüb.
Aktual.az



