Məzahir Pənahov: "Üç gün ərzində bu məsələ yoluna qoyulmasa..."

Məzahir Pənahov:

Seçki günü əlil seçicilər üçün seçki məntəqələrində pandusların quraşdırılmasına xüsusi diqqət yetirilməlidir.

Aktual.az-ın Trend-ə istinadən məlumatına görə, bu barədə bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında MSK sədri Məzahir Pənahov deyib.

M.Pənahov bildirib ki, fiziki imkanları məhdud bu insanlar üçün ictimai tədbirlərdə iştirak etmək önəmlidir: "Seçki məntəqələrində pandusların quraşdırılması çox mütərəqqi bir addımdır. Seçki məntəqələri panduslarla təmin olunacaq".

MSK sədri əlavə edib ki, seçki məntəqələrində quraşdırılmış veb-kameralar komissiya üzvlərinin əyləşdiyi masaları və seçki qutusunu göstərməlidir: "Naxçıvanda Milli Məclislə bərabər Naxçıvan Ali Məclisinə də seçkilər keçirilir. Naxçıvanda veb-kameralar quraşdırılmış seçki məntəqələrində həm Azərbaycan, həm də ingilis dilində aydın yazılmalıdır ki, Milli Məclisə və Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər keçirilir. Bu da seçki məntəqəsində quraşdırılmış veb-kamerada aydın görünməlidir".

Sonra bildirilib ki, Ümid Partiyasının məktubunda müşahidəçi kimi 250 nəfərin adı yazılsa da, ancaq 237 nəfərin ərizəsi var. Bu 237 nəfər ərizələrində Ümid Partiyasının müşahidəçisi olmaq istədiklərini qeyd etməyiblər. Sadəcə, 17 nəfər konkret namizədin müşahidəçisi olmaq istədiyini bildirib, qalanları isə öz təşəbbüsləri ilə müşahidəçi olmaq istədiklərini ifadə ediblər.

MSK sədri yaranmış vəziyyətdən çıxış yolu olaraq Ümid Partiyasına məsələni tənzimləmək üçün 2-3 gün vaxt verilməsini təklif edib: "Ya həmin şəxslər Ümid Partiyasının təşəbbüsü ilə müşahidəçi kimi irəli sürülməlidirlər, ya da konkret namizədlərlə bağlı müşahidəçi ola bilərlər".

M.Pənahov deyib ki, bəzi dairələr belə hallardan MSK-nın güya qərəzli hərəkət etməsi barədə təəssürat yaratmaq üçün istifadə edirlər: "Üç gün ərzində partiya tərəfindən bu məsələ yoluna qoyulmasa, biz belə cəhdlərin şahidi ola bilərik. Ümid edək ki, partiya bu məsələni yoluna qoyacaq".

Xəbər 590 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR