Paytaxt bazarlarında mövsümü meyvə-tərəvəzin qiyməti od tutub yanır. Satıcılar kənd təsərrüfatı məhsullarının qiymətində 30-40 faiz bahalaşmanı, bazarlardakı məhsul qıtlığını yay meyvələrinin az olması ilə əlaqələndirirlər.
Aktual.az xəbər verir ki, Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov AzNews.az-a açıqlamasında meyvə-tərəvəzin qiymətinin kəskin artmasını Azərbaycanda bu sahə üzrə istehsalın ciddi şəkildə azalması ilə əlaqələndirib: “Ötən illə müqayisədə bazarlarda qiymətlər həddən artıq yüksəkdir. Əsas səbəb odur ki, iqlim dəyişikliyi baş verib. Dəyişikliyə uyğun olaraq fermerlər, sahibkarlar müəyyən addımlar atmalıdır. Amma onlar bunun heç birini həyata keçirə bilməyiblər. Dəyişikliklər, havaların kəskin istiləşməsi, yağışların aramsız yağması, bəzi hallarda şaxtaların olması bağlara, meyvə ağaclarına ciddi təsiri etdi. Bundan əlavə xəstəliklər, zərərvericilər geniş yayılıb. Təbiətdə baş verən hadisələrə uyğun fermerlər maarifləndirilməlidir”.
V. Məhərrəmov məhsuldarlığın aşağı düşməməsi üçün layihələrin işlənib, hazırlanmasının vacibliyini vurğulayıb: “Təəssüflər olsun ki, bu sahədə hər hansı bir addım atılmadı. Biz bununla bağlı hökumətə xəbərdarlıq elədik. Vaxtilə biz bununla əlaqədar dövlətə təkliflər vermişdik, ATƏT-in xətti ilə layihələr həyata keçirdik. Hansı addımlar atılmalıdır ki, istehsalda azalma deyil, artım müşahidə olunsun, fermerlər zərərə məruz qalmasın, becərdikləri məhsul həm keyfiyyətli olsun, həm də kəmiyyət baxımından qane edə bilsin... Azərbaycan fermerləri bu sahə ilə bağlı maariflənməyib. Burada əsas Kənd Təsərrüfat Nazirliyinin üzərinə düşən vəzifə var ki, o da həyata keçirilmir. Məhz buna görə də istehsal azalıb, qiymət qalxıb”.
V. Məhərrəmov Azərbaycanda meyvə-tərəvəzin yetişməsi üçün gözəl mühit və münbit torpağın olduğunu bildirib: “Bu şərait imkan verir ki, Azərbaycan meyvə və tərəvəzə olan ehtiyacını tam ödəsin. Bundan əlavə isə bir o qədər də məhsulun xaricə idxalına imkan var. Ancaq bunu həyata keçirmək üçün hökumətdəki mütəxəssislər hərəkətə keçməlidir. Çox təəssüflər olsun, bu sahə üzrə aidiyyəti qurumlara - Nazirlər Kabinetinə, Kənd Təsərrüfatı Nazirliyinə qeyri-peşəkarlar yerləşdirilib. Onlar da digər işlərlə məşğuldur”.
Ekspert qeyd edib ki, əgər mütəxəssislər bu məsələyə ciddi yanaşmasalar, bütün meyvə və tərəvəzlər xarici ölkələrdən idxal olunacaq: “Bütün meyvələri xaricdən alacağıq. Yəni, bu problemlər həllini tapmazsa, o zaman yaxın iki-üç ildə Azərbaycanda gilas 10-15 manat arasında satılacaq”.