Meyitlərdən orqan transplantasiyası nə vaxt həyata keçiriləcək?

Meyitlərdən orqan transplantasiyası nə vaxt həyata keçiriləcək?

Orqan transplantasiyasına ehtiyacı olan xəstələrin sayı gün-gündən artmaqdadır. Müasir zamanda diaqnostik müayinə üsullarının daha da mükəməlləşməsi, alternativ müalicə üsullarının - transplantalogiyanın daha aktiv və özünü doğruldan mərhələyə çatması buna tələbat yaradır. Ekoloji mühitin çirklənməsi, qida məhsullarının keyfiyyətsizliyi, şüalanma, düzgün olmayan həyat tərzi və s. mənfi faktorlar sayəsində də orqan çatışmazlığı olan xəstələrin sayı artır.

Səhiyyə Nazirliyi Azərbaycanda xəstələrə meyitlərdən orqan transplantasiyasının həyata keçirilməsi üçün təlimatlar hazırlayır.

Bunu "Trend"ə Səhiyyə Nazirliyi Mərkəzi Neftçilər Xəstəxanasının cərrahiyyə və orqan transplantasiyası söbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Mircəlal Kazımi deyib. Onun sözlərinə görə, Azərbaycanda meyitdən orqan transplantasiyasının aparılmaması ilə bağlı real problem beyin ölümü diaqnozunun qoyulmaması, eyni zamanda meyitlərdən orqan köçürülməsi haqqında təlimatların olmamasıdır: "Səhiyyə Nazirliyi tərəfindən bu təlimatlar artıq işlənilir. Mənə elə gəlir ki, yaxın gələcəkdə meyitlərdən orqan transplantasiyası məsələsi öz həllini tapacaq".

Kazımi qeyd edib ki, bütün inkişaf etmiş ölkələrdə meyit orqanları istifadə edilir. Çünki hər bir insanın canlı donorunun olması şansı yoxdur: "Bunun üçün də alternativ imkanlar olmalıdır. Donoru olmayan, təcili hallarda əməliyyata ehtiyacı olan insanlar da var. Onlar üçün meyit orqanlarından istifadə oluna bilər. Digər tərəfdən, bu, transplantasiya üçün iki - həm canlıdan, həm də meyit orqanından istifadə etmək şansı verir".

M.Kazımi bildirib ki, meyit orqanından donor kimi istifadə edildikdə ölən şəxsin qohumundan da razılığın alınması mütləqdir: "Hazırda bununla bağlı da işlər aparılır. Burada hüquqi məsələlər də var. Çünki müxtəlif ölkələrin təcrübəsi fərqlidir. Elə ölkələr var ki, şəxs sağlığında bəyan edərsə, ölümündən sonra onun orqanları rahatlıqla götürülür. Ancaq elə ölkələr var ki, şəxs öz sağlığında öz orqanını könüllü verəcəyini bəyan etsə belə, o, öldükdən sonra transplantasiya üçün yaxın qohumlarının da razılığı alınmalıdır".

Qeyd edək ki, "İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında" qanuna əsasən, şəxs sağlığında donorluğa yazılı razılığını bildirərsə, ölümündən sonra transplantasiya məqsədilə onun orqan və (və ya) toxumalarından istifadə oluna bilər. Şəxs bu məsələyə münasibətini bildirməyibsə, ölümündən sonra yaxın qohumlarının və ya qanuni nümayəndələrinin icazəsi ilə onun orqan və (və ya) toxumalarının götürülməsinə yol verilir. Şəxs sağlığında donorluqdan yazılı şəkildə imtina edibsə, ölümündən sonra ondan transplantasiya məqsədilə orqan və (və ya) toxumaların götürülməsinə yol verilmir.

Qanuna görə, meyitdən və ya ölüm vəziyyətində olan şəxslərdən transplantasiya məqsədi ilə orqan və (və ya) toxumaların götürülməsi yalnız həkimlər konsiliumu tərəfindən bioloji ölümün baş verməsini və baş-beyin fəaliyyətinin tam dayanmasını ("beyin ölümü"nün) təsdiq edən inkar-edilməz faktın olmasından sonra həyata keçirilə bilər. Donorun ölüm aktının təsdiqində transplantoloq və ya transplantologiya işinin təşkilində bu və ya digər formada fəaliyyət göstərən hər hansı bir şəxsin iştirakı qadağandır.

AMEA-nın müxbir üzvü, tibb elmləri doktoru, professor Nuru Bayramovun Ekspress.az-a bildirdiyinə görə, orqan transplantasiyasının tətbiqi Azərbaycanda da inkişaf edib: "Ölkədə aparılan orqan transplantasiya əməliyyatlarının nəticələri də yaxşıdır. Hazırda 2 orqan üzrə - qaraciyər və böyrək transplantasiyası yerinə yetirilməkdədir".

Ölkəmizin meyitlərdən orqan transplantasiyasına hazır olduğunu deyən müsahibimiz hesab edir ki, çox yaxın aylarda Azərbaycanda meyitlərdən orqan transplantasiyasını tətbiq etmək olar. Onun fikrincə, bu, yüzlərlə insanın həyatını xilas edə bilər. "Artıq beyin ölümü diaqnozunu qoya bilən çoxsaylı xəstəxanalarımız var. Bakıda, Gəncədə və digər şəhərlərdəki xəstəxanalarda bu diaqnozu qoyurlar. Çox təəssüf ki, Azərbaycanda bu günə qədər meyitdən orqan transplantasiyası tətbiq olunmayıb. Amma bizdə buna çox böyük ehtiyac var. Düşünürük ki, yaxın zamanlarda Azərbaycanda da meyitlərdən orqan transplantasiyasına başlanılar".

Professor vurğulayıb ki, azərbaycanlılar meyitlərdən orqan transplantasiyasını qəbul edə bilərlər: "Dünyanın bir çox ölkələrində bu, geniş tətbiq olunur. Azərbaycan da inkişaf etməkdə olan bir ölkədir. İnsanları da bunu bilirlər. Məncə, bunu qəbul edəcəklər".
Onun sözlərinə görə, bununla belə, meyitlərdən orqan transplantasiyasının fəsadları da olur: "Fəsadsız cərrahiyyə yoxdur. Nəinki orqan trasnplantasiyası, sadə əməliyyatlar zamanı da fəsadlar olur", - deyə Bayramov bildirib ki, ölənlərin orqanlarının götürülməsi öz vəsiyyətilə deyil, qohumların razılığı ilə olmalıdır: "Belə ki, bütün dünyada qohumlarının razılığı önəmlidir".

Psixoloq Könül Mikayılzadə qəzetimizə bildirib ki, insanlara yaxınlarının ölümündən sonra belə orqanlarının verilməsi çox ağır gələ bilər: "İnsanları buna psixoloji hazırlamaq lazımdır. Meyitlərdən orqan transplantasiyası çox humanist bir addımdır. Heç kim istəməz ki, onun əzizi, yaxını, doğması dünyasını dəyişsin. Çünki bu, çox ağırdır. Amma bu, təbiətin qanunudur. Hər bir canlı ölümü fərqli dadacaq. Əgər beyin ölümü gerçəkləşirsə və orqanlar sağlam vəziyyətdə qalıbsa, niyə də yox? Onsuz da insan torpağın altında çürüyür. Meyitlərin orqanları ilə kiminsə həyatını qurtara biləcəyiksə, kiminsə həyatına sağlamlıq bəxş edəcəyiksə, niyə də olmasın?!"

K.Mikayılzadənin dediyinə görə, Azərbaycanda insanların düşüncə tərzi fərqlidir: "Artıq Türkiyədə bunu tətbiq edirlər. Biz hələ o təbəqəyə çatmamışıq. Bunun əleyhinə olanlar düşünür ki, bu, ölüyə hörmətsizlikdir. Amma ən azından bilirsən ki, sənin yaxınının, əzizinin orqanı kimdəsə yaşayır. Meyit orqanlarının transplantasiyasının müsbət psixoloji tərəfləri var, belə ki, bu, insanda təsəlli yaradır".
Hacı Şahin Həsənli meyitlərdən orqan transplantasiyasının dini nöqteyi nəzərdən savab sayıldığını deyir. "Çünki bu, insana həyat bəxş etmək kimidir. Quranda da qeyd olunur ki, hər kim (digər) bir insanı diriltsə, bütün insanları diriltmiş kimidir. Yəni, kim bir insanı dirildərsə, sanki, bütün bəşəriyyəti diriltmiş olur".

Həmsöhbətimizin sözlərinə görə, dini nöqteyi nəzərdən insanın hər hansı orqanının istər sağlığında, istərsə də ölümündən sonra başqa bir insana hədiyyə edilməsi icazəlidir, böyük savaba səbəb ola bilər: "Çünki insan başqa bir insanı ölümdən xilas edir. Lakin insan sağlığında öz orqanını başqa insana bağışlamaq istəyirsə, bu zaman şərt qoyulur ki, özü üçün yaşamaq məşəqqətli olmasın. Yəni dözülməz ağrılarla, əzab-əziyyətlə yaşamasın. Əgər normal həyata davam etməsi mümkündürsə, daxili orqanını kiməsə verə bilər. Amma dünyadan köçdükdən sonra öz vəsiyyəti, razılığı olmaq şərtilə, başqa insana bədən üzvü verilə bilər".

Xəbər 431 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR