“Azərbaycanın Cinayət Məcəlləsinə meyitlər üzərində təhqiramiz hərəkətlərə yol verilməsi ilə bağlı maddə əlavə edilməlidir ”.
Aktual.az APA-ya istinadən, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında komitə sədri, parlamentin sədr müavini Bahar Muradova deyib.
B. Muradova bildirib ki, aprel ayının əvvəlində baş verən döyüşlərdən sonra əsgərlərin meyitlərinin mübadiləsi zamanı Azərbaycan hərbçilərinin meyitləri üzərində təhqiramiz hərəkətlərə yol verildiyi üzə çıxıb: “Bu, bütün konvensiyalara ziddir, bəşəriyyətə, insanlığa qarşı cinayətdir. Ancaq Cinayət Məcəlləmizdə bununla bağlı müvafiq maddələr yoxdur. Ona görə də belə cinayətlərə görə məsuliyyəti nəzərdə tutan maddələr Cinayət Məcəlləmizə əlavə edilməlidir. Cinayət Məcəlləsinə bu dəyişikliklərin hazırlanması ilə məhz bizim komitə məşğul ola bilər”.
B. Muradova qeyd edib ki, ötən həftə Milli Məclisdə Qarabağ münaqişəsi ilə bağlı keçirilən dinləmə zamanı Cinayət Məcəlləsində başqa boşluqların olduğu da üzə çıxıb: “Son hadisələr zamanı Azərbaycana qarşı qadağan edilmiş silahdan istifadə edildi. Eyni zamanda vətəndaşların sağlamlığına, əmlakına ziyan dəydi. Təcavüzlə bağlı belə cinayətlərə görə Cinayət Məcəlləsində məsuliyyəti nəzərdə tutan maddələrin olması vacibdir. Digər tərəfdən, mən sağlamlığına və əmlakına ziyan dəymiş insanların hamısını Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etməyə çağırıram”.