Xəzər dənizinin Türkmənistan sektorunda tapılmış meyitin “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə taxta bənd işçisi vəzifəsində işləmiş Sahib Güloğlan oğlu Şahmarovun meyitidir.
Aktual.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Neftçinin nəşi yaxın saatlarda vətənə gətiriləcəkdir.
Daha öncə, Fövqəladə Hallar Nazirliyinin “BE-200ÇS” amfibiya tipli təyyarəsi istintaq qrupu ilə tapılmış meyitin tanınması və respublikaya gətirilməsi məqsədilə Türkmənistana yol düşmüşdü.
Ölkə.Az BBC-yə istinadən xatırladır ki, 43 yaşlı Sahib Şahmarov Qarabağ müharibəsi başlayanda könüllü cəbhəyə yollanıb. Ağdam, Şuşa, Laçın, Füzuli uğrunda gedən döyüşlərdə iştirak edib. Qızğın döyüşlərin birində güllə yarası alıb; ayağını dəlib keçən qəlpə dizində böyük deşik yaradıb. Buna bamayaraq, qısa müddətli müalicədən sonra yenidən ön cəbhəyə yollanıb. "Döyüşdə göstərdiyi şücaətə görə" müxtəlif mükafatlara layiq görülüb.
Onun 11 yaşlı Məhəmməd adlı oğlu və 10 yaşlı Məsumə adlı qızı var.