"İnşaatçılar" stansiyasının 2-ci vestibülü açılır.
Aktual.az Milli.Az-a istinadən xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib.
Onun sözlərinə görə, iyunun 1-i saat 06:00-dan etibarən "İnşaatçılar" stansiyasının təmirə bağlanmış ikinci vestibülü yenidən sərnişinlərin istifadəsinə veriləcək:
"2016-cı il yanvarın 18-dən burada 30 illik istismar müddətini başa vurmuş "ET-5" tipli üç eskalatorun sökülməsinə və onların müasir analoqları ilə əvəzlənməsinə başlanılmışdı. Stansiyada sökülmüş avadanlığın əvəzinə Almaniyanın "Thyssen Krupp" şirkətinin "Tugela FT 945" tipli iki eskalatoru quraşdırılıb. Stansiya platformasına enən sərnişinlər isə yeni inşa olunmuş daş pilləkəndən istifadə edəcəklər.
Şöbə rəisi qeyd edib ki, eskalatorlar təhlükəsizlik və sərnişin rahatlığı tələblərinə uyğun olaraq, növbə ilə yalnız qalxmaya işlədiləcəklər: "Onlar müasir standartlara uyğun olaraq, 0,65 m/saniyə sürətlə hərəkət etməklə, ən müasir idarəetmə sistemləri ilə təchiz olunublar. Yeni eskalatorların quraşdırıldığı müddətdə sərnişinlərin giriş-çıxışı üçün bağlı olan ikinci vestibülün mərmər-qranit örtüyü dəyişdirilib, xidməti otaqlarda müvafiq təmir işləri yerinə yetirilib".