Son günlər Bakı metrosunda təhlükəsizlik tədbirləri xeyli gücləndirilib.
Sərnişinlər polis əməkdaşları tərəfindən bir-bir yoxlanılaraq metroya buraxılır. Şübhəli sərnişinlər saxlanılır, çantalarına baxış keçirilir. Kimliyindən aslı olmayaraq, çantalarda təhlükəli əşyaların olub-olmaması araşdırılır.
Dünəndən başlayaraq metronun bir neçə stansiyasında sərnişinləri yoxlamaq üçün yeni aparatlar quraşdırılıb. Aparatlar “20 yanvar”, “28 may” və “Koroğlu” stansiyalarında yerləşdirilib.
Aktual.az AzVision.az-a istinadən xəbər verir ki, “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib ki, yeni aparatların quraşdırılması təhlükəsizlik tədbirləri ilə əlaqədardır.
`Metropoliten kütləvi sərnişindaşıma ilə məşğul olan ictimai nəqliyyat vasitəsidir və bizim işimiz sərnişinləri rahat, təhlükəsiz şəkildə mənzil başına çatdırmaqdır`,-deyə N.Paşayev vurğulayıb.
Qurum rəsmisi qeyd edib ki, sərnişinlərin təhlükəsizliyi istiqamətində lazım olan bütün tədbirlər görülür və bundan sonra da davam etdiriləcək.