Son illər əksər dövlət qurumlarının mətbuatla münasibəti qaydasında düşsə də, bəzi dövlət qurumları hələ də ictimaiyyətə qapalı fəaliyyət göstərirlər.
Prezident İlham Əliyevin məmurlara xəbərdarlığı, dövlət qurumlarını və məmurları ictimaiyyətə açıq olmağa çağıran bəyanatları fonunda mətbuata qapalı nazirlik və komitələri anlamaq olmur. Onlar niyə belə edir, məqsədləri nədir, bu başqa müzakirənin mövzusu olsa da, Aktual.az bu dəfə ictimaiyyətə qapalı dövlət qurumlarından, daha doğrusu “qırmızı işıq”da ilişən mətbuat katiblərindən bəhs edəcək.
Mətbuata qapalı dövlət qurumlarından söz düşəndə, ilk yada düşən Nəqliyyat Nazirliyinin mətbuat katibi Namiq Həsənov olur. Rəsmi vəzifəsi nazirlikdə aparat rəhbəri olan Namiz Həsənov mətbuata məsul şəxs olsa da, çox nadir hallarda jurnalistlərin suallarına cavab verir. Bununla yanaşı nazirliyin mətbuatla sistemli fəaliyyəti də nəzərə çarpmır.
Maliyyə Nazirliyinin mətbuat katibi Mais Piriyev də mətbuata qapalı mətbuat katibləri sırasında yer alır. Onun jurnalistlərlə təmasdan yayınması, rəhbəri olduğu qurumda bu sahəyə məsul şəxslərin ictimaiyyətdə sirr olaraq qalması, onun passivinə yazılan məqamlardandır.
Səhiyyə Nazirliyinin mətbuat katibi Liya Bayramova yenicə bu vəzifəyə təyin olunsa da, eynən sələfi Anar Qədirli kimi, ictimaiyyətlə təmasdan yayınır. Nazirliyin mətbuata “soyuq münasibəti”, Liya Bayramovanın isə vəzifəyə təyin olunandan bir dəfə olsun jurnalistlərlə kollektiv görüş keçirməməsi qınanılan məqamlardandır.
Əmlak məsələləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Qulu Xəlilov ən passiv mətbuat katibidir desək, yəqin ki, yanılmarıq. Mətbuatla münasibətləri bir yana, Q.Xəlilov haqqında çıxan tənqidi yazılara belə məhəl qoymur. Deyilənə görə, komitə sədri Kərəm Həsənovun özü belə istəyir və bu arxayınçılıq Qulu Xəliovun da vəzifə səlahiyyətlərini unutmasına səbəb olub.
“Dövlət Gömrük Komitəsinin mətbuat katibi kimdir” sualına biz yalnız “google”də axtardığımız axtarışlar zamanı aydınlıq gətirə bildik. Məlum oldu ki, qurumun mətbuat katibi, polkovnik Natiq Axundovdur.
Qaçqın, Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsinin Mətbuat Xidmətinin fəaliyyəti vaxtaşırı olaraq mətbuatda kəskin tənqid olunur. Qurumun rəhbəri Elçin Qədimov adlı şəxs olsa da, əksər jurnalistlər onu tanımır.
Diasporla iş üzrə Dövlət Komitəsinin mətbuat katibi Esmira Xəlilovanı daha çox aparıcı kimi tanıyırıq. Mətbuat katibi təyinatına qədər ANS telekanalında çalışan Esmira Xəlilova təmsil etdiyi qurumla mətbuat arasında uğurlu münasibətlər qura bilməyib.
Adnan/Aktual.az