Bu günlərdə mətbuatın 140 illik yubileyi keçiriləcək. Artıq yubiley tədbiri çərçivəsində regionlarda media adına görüşlər, tədbirlər düzənlənir. Paytaxtda isə yubiley münasibətilə jurnalistlərə fəxri adların veriləcəyi ilə bağlı təlaş müşahidə olunur. Redaksiyalar öz namizədlərini müəyyənləşdirərək, Mətbuat Şurasına yollayıblar, nəticələr gözlənilir.
Jurnalistlər üçün nəzərdə tutulan ikinci binanın inşası isə hələ davam edir və bu dəfə olmasa da, ilin sonuna qədər onun da sahiblərinə çatdırılacağı gözlənilir. Amma media sektorunda davam edən müzakirələr göstərir ki, çap mətbuatında həllini gözləyən xeyli problem var. Onların bu bayram ərəfəsində həll olunması sektorun ümumi inkişafı üçün ciddi addım sayıla bilər.
“Yeni Müsavat”ın baş direktoru Ələsgər Süleymanov bizə açıqlamasında medianın qarşısında dayanan problemlərdən danışdı. Onun fikrincə, 140 illik tarixi olan media üçün bunların zamanında həlli gələcəyə yönəlik kapital ola bilər. Bu halda daha güclü, mobil və perspektivli mediadan danışa bilərik. Müsahibimiz öncə xatırlatdı ki, jurnalistlərə ev verilməsi təqdirəlayiq addımdır:
“Davamının gəlməsini arzu edirik. Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun yaradılması və fəaliyyətini təqdirəlayiq qiymətləndirən müsahibimiz Fonddan yeni-daha səmərəli təkliflər gözlədiklərini bildirdi. Bu təkliflər medianın özünün pul qazana bilməsinə istiqamətlənməlidir. Bəzi həllini gözləyən, həlli arzu olunan problemlər var ki, onlar da yoluna qoyulsa, Azərbaycan mediası daha etibarlı inkişaf yolunu tutar. Mənim verəcəyim təkliflərlə bağlı hansısa ölkənin təcrübəsi olmaya bilər. Nəzərə almaq lazımdır ki, jurnalistlərə mənzil verilməsi də başqa ölkələrin təcrübəsində yox idi. Amma bununla evsiz jurnalistlər probleminin həllində necə böyük bir addım atıldı. İndiki halda da bəzi məsələlərdə Azərbaycan presedent (əmsal) yaratmış olar”.
Ə.Süleymanov Azərbaycan mətbuatının bugünkü mənzərəsini təhlil edərkən həllini gözləyən problemləri aşağıdakı qaydada sıraladı:
1. İctimai nəqliyyatda güzəştlər və ya hər redaksiyadan siyahılar əsasında reportyorlar üçün şəhərdaxili ictimai nəqliyyatdan pulsuz istifadə kartlarının verilməsi. Bu maddi imkanları onsuz da zəif olan reportyor kəsiminin hadisənin üzərinə daha ürəklə və operativ getməsinə yardımçı olar;
2. Yayımda problemlərin aradan qaldırılması, yeni qoyulan köşklərdə əsasən üstünlüyün qəzetlərin satışına verilməsi. Bu köşklərdə qəzetlərin yerləşdirilməsinə və satışına ciddi nəzarətin həyata keçirilməsi, iş saatlarının ciddi qrafikə salınması vacibdir;
3. Ən vacib olan məsələ metroda və şəhərin əhali çox olan yerlərində-parklarda, mərkəzi küçələrdə qəzet satışının təşkil olunmasıdır. Normal görünüşlü səyyar satışın təşkil olunması. Yeri gəlmişkən bir vaxtlar bu məhdudiyyətlər qoyulanda bunun I Avropa Oyunları ilə əlaqələndirmişdilər. Artıq bu oyunlar da başa çatıb. Arzu olunandır ki, metroda və digər yerlərdə dövrü mətbuat və kitab satışı bərpa edilsin;
4. Sosial və ictimai əhəmiyyətli reklamların bölgüsündə ayrıseçkiliyin aradan qaldırılması, ədalətli bölgünün təmin olunması vacib şərtlərdən biridir. Reklamsız mətbuat yaşaya bilməz;
5. Digər bir təklif redaksiyaların büdcəyə illərdir yığılıb qalan vergi və sosial müdafiə borclarının dövlət hesabına ödənilməsidir. Bu, həm redaksiyaların asılılığını azaldar, eyni zamanda da bundan sonra borc yığmamaq üçün bir stimul yaradar. Həmçinin jurnalistlərin gələcəkdə təqaüdlərinin hesablanmasında yarana biləcək problemlərin qarşısını alar. Oxşar addım ötən illərdə atılıb və mərhum prezident Heydər Əliyev tərəfindən redaksiyaların “Azərbaycan” nəşriyyatına olan borcları silinib. Bu hadisə demək olar ki, Azərbaycan çap mediasının ölü nöqtədən hərəkətə gətirilməsi kimi bir effekt vermişdi zamanında;
6. Muzeylərə, mədəniyyət və idman tədbirlərinə redaksiyaların siyahısı əsasında, hər əməkdaşın öz profilinə uyğun buraxılış vəsiqələrinin verilməsi. Bu həmin tədbirlərin işıqlandırılması, həm də konkret sahələr üzrə çalışan jurnalistlərin məlumat bazasını zənginləşdirməsi baxımından səmərəli olar.
Ə.Süleymanov hesab edir ki, sadalanan təkliflər jurnalistlərin səmərəli iş fəaliyyəti, medianın inkişafı üçün fayda verə bilər. Müsahibimiz bu təklifləri qəzet vasitəsilə aidiyyəti qurumların diqqətinə çatdırılmasını xahiş etdi. Baş direktor ümid edir ki, təklifləri medianın inkişafında maraqlı olan dövlət qurumları tərəfindən diqqətsiz qalmayacaq.(musavat.com)