Aktual.az Demokratik Maarifçilik Partiyasının sədri, millət vəkili Elşən Musayevin "Səs" qəzetinə müsahibəsini təqdim edir:
- Elşən müəllim, Azərbaycanın səfirliyinə olan xain hücum bir daha molla rejiminin, terrorçu rejim olduğunun əyani təsdiqi sayıla bilər?
- Terrorun İran ərazisində baş verdiyinə görə, məsuliyyət də birbaşa bu dövlətin üzərindədir. İranın təhlükəsizliyə cavabdeh olan qurumları həmin terrorun qarşısını almağa borclu idi. Çünki səfirlik Azərbaycanın suveren ərazisidir və həmin əraziyə hücum beynəlxalq hüquqa görə, Azərbaycana hücum deməkdir. Amma İran nəsə etdimi? Etmədi. Üzərinə düşən öhdəliyi anladımı? Anlamadı. Ona görə də, bu hadisə baş verdi. Sırf molla rejiminin məsuliyyətsizliyi, səhlənkarlığı ucbatından. Ona görə də, qətiyyətlə deyirik ki, İran öz ərazisində törədilən cinayətə, terrora görə daxili və beynəlxalq müstəvidə cavab verməlidir!
- Azərbaycan səfirliyi tamamilə fəaliyyətini dayandırdı. Bundan sonra proseslər hansı məcrada inkişaf edəcək?
- Bu, gözlənilən idi. Belə şəraitdə səfirlik fəaliyyətini davam etdirə bilməzdi. Çünki təhlükəsizliyə təminat, zəmanət yoxdur. Üstəlik, nəzərə alın ki, səfirlik əməkdaşının igidliyi nəticəsində daha geniş masştablı, miqyaslı cinayətin qarşısı alınıb. O olmasaydı, yəqin ki, qatil, cinayətkar bütün səfirlik əməkdaşlarını qətlə yetirməyi planlayırdı. Bu cür şəraitdə səfirliyin təhlükəsizliyinə kimsə cavabdeh olmalıdı. Kimsə deyərkən, konkret olaraq - İran. Onlar isə hələ faktiki cinayətkarı TV qarşısına çıxarıb müsahibə verdirməklə məşğuldurlar. Yəni, etinasızlıq, prosesi düzgün dərk etməmək İranın timsalında yenə də özünü açıq şəkildə büruzə verir və güman ki, bilərəkdən.
- Molla rejimi etdiyi qanlı terrora görə Azərbaycan xalqından, dövlətindən hələ də üzr istəməyib. Bu yaramazlıq nə ilə bağlıdır?
- Onlar hələ də işin mahiyyətini, məsələnin nə boyda kritika yaradacağını anlamırlar. Ya da anlayırlar, sadəcə, özlərini anlamazlığa vururlar. Həmin üzr ilkin mərhələdə olmalı idi, amma olmadı. Əksinə, bir az da cızıqdan çıxdılar, təxliyyəni yubatdılar, süni əngəllər yaratdılar. Bu isə o deməkdir ki, İran nə cinayətin obyektiv şəkildə araşdırılmasında maraqlıdır, nə də təqsirini boynuna almaqda. Yəqin xatırlayırsız, terrorun ilk günü hələ utanmadan deyirdilər ki, bu cinayət məişət zəminində olub. Ayıbdır! İran adına həqiqətən ayıbdır! Elə o mənasız, səbatsız, absurd "məişət açıqlaması” bir daha göstərir ki, İran ədalətli deyil, məkrlidir və məsuliyyəti boynundan atmağa çalışır.
- Artıq İsraildə İrana qarşı hərbi əməliyyatlara başladığı deyilir.
Regionda yeni bir müharibə ocağı yarana bilərmi?
- İsrailin İranla münasibəti haqda nəsə deyə bilmərəm. Amma İsrail bizə dost ölkədir və onlarla sərhəd qonşuluğumuz, din birliyimiz olmasa da, bizə qarşı münasibətdə hər zaman mərdyanə, kişiyanə davranıblar. İsrail praqmatik, faydalı və strateji tərəfdaşdır. İran isə məkrli və riyakar qonşumuz!
- Sizcə, İsrail İran müharibəsi qanlı toqquşmalarla müşayiət olunarsa, Azərbaycana hansısa bir formada zərər vura bilərmi?
- Azərbaycana bundan sonra kimsə ziyan vura bilməz. Çünki öz ayağımız üstündəyik və hər kəsin cavabını verməyə qadirik.
- İran İsrail müharibə baş verərsə, Ermənistan hansı formada molla rejiminə kömək edəcək?
- Ermənistanın öz halına ağlayan lazımdır. Dağılıb-tökülür. Nə sabit siyasi sistemləri var, nə düzənli iqtisadiyyatları, nə normal liderləri. Dizini qoyub yerə. Bütün günü hansısa ölkəyə, hansısa beynəlxalq təşkilata yalvarır. Beləsindən kiməsə xeyirmi dəyər və ya dəyə bilər? Əsla! Hə, Ermənistan təbii ki, bütün mövzularda və məsələlərdə İranın yanında olacaq. Çünki terror onlar üçün doğma ənənədir, doğma icraatdır. Amma bir daha qeyd etmək istəyirəm: Ermənistanın güc əmsalı, yararlığı bu gün sıfırın da altındadır. Sıfırı isə neçəyə vursan yenə sıfır edir.
Xəbər 366 dəfə oxunub.