Olimpiya Oyunlarının gümüş mükafatçısı Elmar Qasımovun "Instagram" hesabında paylaşdığı video tənqid edilib.
Görüntülərdə məşhur idmançı eyvandan dollar əsginaslarını küçəyə səpir.
Onun bu davranışı birmənalı qarşılanmayıb. İctimai şəxs kimi idmançının bu hərəkətinin yolverilməz olduğu bildirilib.
Azərbaycan Cüdo Federasiyasının mətbuatı xidməti məsələ ilə bağlı "Qafqazinfo”ya açıqlamasında Elmar Qasımova belə hərəkətlərinə görə dəfələrlə xəbərdarlıq edildiyini bildirib:
"Olimpiya mükafatçısıdır, dəfələrlə Azərbaycan bayrağını yüksəklərə qaldırıb. Lakin o, İnstaqram hesabında müxtəlif videolar paylaşır və bu görüntülər dəfələrlə etirazlara səbəb olub. Bununla bağlı onunla bir neçə dəfə danışsaq da, əhəmiyyət verməyib. Elmar Qasımova yığma komandada son şans da verdik. Onu Budapeştdə keçirilən dünya çempionatına göndərdik. Lakin orda da uduzdu və ümidlərimizi boşa çıxardı. Hazırda Qasımov milli komandadan kənarlaşdırılıb. Yığmamız Şahdağda təlim-məşq toplanışı keçsə də, o, heyətə qatılmayıb. İnstaqram Elmarın şəxsi hesabıdır və biz sırf ona hər hansı qadağa qoya bilmərik. Lakin artıq idmançı kimi millidə yer almayacaq”.
Azərbaycan Cüdo Federasiyasının baş katibi Elmar Babanlı isə məsələ ilə bağlı "Repor"a açıqlamasında deyib: "Fikir bildirməyə çətinlik çəkirəm. Amma əminliyimi ifadə etmək istəyirəm ki, o, əsl pul deyil. Videonu görməmişəm, sizdən eşitdim. Amma söhbətin nədən getdiyini başa düşürəm".
Onun sözlərinə görə, hansısa adekvat insan ilin-günün bu vaxtı belə hərəkət etməz: "Elmar milyonçu da deyil ki, eyvandan küçəyə dollar səpsin. Bilmirəm reytinq toplayır, özünü reklam edir, yaxud nəyinsə xətrinə bu addımı atıb. Yəqin ki, həmin pullar, əskinaslar əsl deyil, saxtadır, oyuncaqdır".
Babanlı məlum videonun yayılma səbəbi ilə bağlı ehtimalını da irəli sürüb: "Ola bilər ki, Elmarın məqsədi videonun kütləvi yayılması deyildi. Bəlkə də özü üçün çəkib. Kimsə bundan sui-istifadə edir və ya yayır. Belə də ola bilər. Elmar Qasımov tanınmış cüdoçularımızdandır".//qafqazinfo.az